Trampı şirnikləndirə bilərlər Putinlə görüşün pərdəarxası

10.09.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp yaxın gələcəkdə Rusiya Prezidenti Vladimir Putinlə yeni ikitərəfli görüş keçirə biləcəyini bildirib.

Ağ Ev rəhbərinin açıqlamasını Redaktor.az-a şərh edən politoloq Elşad Həsənov qeyd etdi ki, Tramp özünün dediyi kimi, artıq 8 müharibəni dayandırıb, ancaq Rusiya-Ukrayna müharibəsini hələlik dayandıra bilməyib:

"Ancaq bunu da demək vacibdir ki, doğrudan da Tramp çalışır ki, müharibə dayansın. Keçən il Ankoricdə keçirilən görüş zamanı Rusiya lideri Vladimir Putinlə Tramp arasında razılıq əldə olundu. Ancaq Tramp Ukrayna lideri Volodimir Zelenski olmadan razılaşmışdı ki, Ukrayna Donbasın qalan hissəsindən çıxacaq və bununla da müharibə dayanacaq. Ancaq Zelenski və ümumiyyətlə ukraynalılar buna etiraz etdilər və ona görə də həmin danışıq alınmadı. Daha sonra yenidən ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşner sentyabrın 5-də Moskvada Putinlə görüşdülər və müəyyən irəliləyişlər olduğu haqqında da məlumat verdilər. Sonra isə onlar Kiyevdə Zelenski ilə görüşdülər və orada da bildirdilər ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün mühüm addımlar atılır.

Sonra sızan məlumatlar onu göstərir ki, Rusiya bütövlükdə Donbasın təmiz onlara verilməsini, Ukraynada rus dilinin dövlət dili səviyyəsinə qaldırılmasını, rus dini xadimlərinin yenidən Kiyevə qaytarılmasını tələb edir. Ancaq bunlar da, təbii ki, Ukrayna tərəfindən qəbul olunan məsələlər deyil. Ona görə də bu məsələ yenə də uzanır. Artıq bildirilir ki, hələ müharibə bu il də, gələn il də davam edəcək. Buna görə də Zelenski Ukraynanın müdafiəsi üçün "Patriot" silahlarının alınması üçün xaricdəki həmkarlarına müraciət edib və sentyabrın sonuna qədər də Amerikaya gedib, Trampla görüşmək istəyir. ABŞ Konqresində Rusiyaya qarşı ciddi sanksiya hazırlanır, ancaq hələlik qəbul olunmayıb. G7-lərin Fransada keçirilən tədbirində də Avropa nümayəndələri Trampı inandırdılar ki, o, həmin sanksiyaya qol çəksin, Rusiyanı daha da gücdən salsınlar. Yəni vəziyyət belədir".

Onun sözlərinə görə, Rusiya hərbi cəhətdən zəifləyib, insan resursları azalıb, daxildə vəziyyət gərgindir, iqtisadiyyatı zəifləyib.

"Ancaq buna baxmayaraq onu nəzərdə saxlamaq lazımdır ki, Rusiya böyük nüvə ölkəsidir və nüvə silahı da həlledici rol oynayır. Ona görə də Tramp istəyir ki, bu məsələni danışıqlar yolu ilə həll etsin. Ancaq hələlik buna nail ola bilmir. Rusiya tərəfi Trampın biznesmen olduğunu nəzərə alaraq Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev tərəfindən amerikalılara çox yağlı vədlər verib, Rusiyanın resurslarının birgə istifadəsi üçün onlara təkliflər irəli sürüblər. Eyni zamanda da gələcəkdə Donbasdan çıxan qiymətli metalların birgə işlənməsi haqqında da onlarla anlaşma aparmaq istəyirlər. Ola bilsin ki, burada Trampı, necə deyərlər, şirnikdirə bilərlər. Yəni bu mənada Trampla Putinin gələcək görüşünün əsas mövzusu, təbii ki, müharibənin dayandırılması və sonra da iqtisadi məsələlərdir. Buna görə də hesab edirəm ki, Tramp müharibənin dayandırılması üçün çalışır. Nəticəsi nə olacaq, onu yaşayarıq, görərik", - deyə E.Həsənov yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью