Trampın 1 ayı vaxtı var: İran məsələsini həll etməlidir

25.11.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların maliyyələşdirilməsinin yanvarın sonunadək təmin olunduğunu bildirib. Tramp bu barədə “New York Post” qəzetinə müsahibəsində danışıb.

Tramp gələn ilin yanvarında Konqresə nəzarətin demokratlara keçməsindən sonra İrana qarşı hərbi əməliyyatları davam etdirmək imkanlarının məhdudlaşa biləcəyini etiraf edib. O, ABŞ-ın hazırda İran üzərində tam qələbə qazandığını iddia edərək, demokratların bunu məğlubiyyətə çevirə biləcəyindən narahatlığını ifadə edib. Belə çıxır ki, Tramp 2027–ci ilin yanvarına qədər İranla məsələni həll etməlidir?

Bunu “Cebheinfo.az”-a açıqlamasında politoloq Asif Nərimanlı bildirib ki, demokratların Konqresdə nəzarəti ələ alması və əsas üstünlük qazanması son seçkidən sonra Tramp administrasiyası üçün müəyyən problemlər yarada bilər.

Onun szölərinə görə, amma bu, xarici siyasəti tamamilə demokratların müəyyənləşdirəcəyi anlamına gəlmir:

“ABŞ-də xarici siyasətdə əsas söz sahibi prezidentdir. Bununla belə, problem yaradacaq bir neçə məsələ var. Onlardan biri də hərbi büdcənin ayrılması ilə bağlıdır. ABŞ-nin İrana qarşı müharibə aparacağı təqdirdə, müharibənin maliyyələşdirilməsi məsələsində demokratlar Konqresdə problem yarada bilərlər. Çünki maliyyə məsələləri Konqresdə həll edilməlidir. Bununla yanaşı, demokratlar Trampın xarici siyasətdə atdığı addımları Konqresin müzakirəsinə çıxararaq ona qarşı müəyyən təzyiq dalğası formalaşdıra bilərlər. Yəni bu, gözlənilən ssenaridir”.

Politoloq qeyd edib ki, bu kontekstdə baxdıqda, Trampın demokratlar Konqresin yeni tərkibdə fəaliyyətə başlayana qədər, yəni onların problem yaratmasına qədər vaxtının olduğu görünür:

“Söhbət qarşıdakı təxminən iki aydan gedir. Tramp bu müddət ərzində İran məsələsini həll etməlidir. Əslində, onun buna çalışdığını da deyə bilərik. Lakin bunun nə dərəcədə real olacağı sual altındadır.

Çünki İranı müharibə yolu ilə təslim etmək mümkün olmadı. Qarşıdakı günlərdə və ya aylarda nə qədər hərbi əməliyyat aparılsa belə, İran artıq müharibə dalğasından çıxmış bir ölkədir. Ona görə də düşünmürəm ki, yeni hücum dalğası İranı geri çəkilməyə məcbur edəcək. Tramp administrasiyası da bunu anlayır. Bu səbəbdən Tramp daha çox İrana təzyiq göstərərək onu danışıqlar masasında razılığa gəlməyə məcbur etməyə çalışır. Bunun ən effektiv yolu isə iqtisadi blokadadır.

Hazırda bununla bağlı müəyyən addımlar atılır. İrandakı vəziyyətə baxdıqda, bu addımların ölkə üçün ciddi problemlər yaratdığını deyə bilərik. Lakin İran hakimiyyəti də vəziyyəti anlayır. Onlar ümid edirlər ki, Konqresin yeni tərkibdə fəaliyyətə başlamasından sonra Trampın İrana qarşı addımları məhdudlaşacaq. İran hakimiyyəti maksimum dərəcədə bu müddətdə Amerikanın təzyiqlərinə dözməyə çalışır”.
Asif Nərimanlı İran tərəfinin danışıqlar masasında razılığa gəlməməsinin əsas səbəblərini də açıqlayıb:

“Onlar düşünürdülər ki, ABŞ-da Konqres seçkilərində demokratlar qalib gələcəyi təqdirdə, qarşıdakı dövrdə Trampın İrana qarşı siyasətində problemlər yaranacaq. Ona görə də belə görünür ki, İran tərəfi danışıqlar prosesini maksimum uzadaraq bu seçkilərin nəticələrinə hesablamışdı. Faktiki olaraq, buna nail olduqlarını deyə bilərik.

Konqres fəaliyyətə başladıqdan sonra İranın xeyrinə ola biləcək müəyyən gözləntiləri var. Amma demokratların öz daxilində də İranın nüvə proqramı məsələsində Tehrana qarşı sərt addımların atılmasını dəstəkləməyən kəsim mövcuddur.

Düşünürəm ki, müharibə ssenarisinin reallaşması çətin olacaq. İrana qarşı müharibənin effektiv olmadığını və arzuolunan nəticəni vermədiyini rəsmi Tehran özü də bilir. Demokratlar da güman ki, müharibə ssenarisini dəstəkləməyəcəklər. Onlar İrana qarşı iqtisadi sanksiyaların davam etdirilməsini dəstəkləyə bilərlər. Yaxud da ən azı bu məsələdə müharibə qədər sərt mövqe sərgiləməyə bilərlər. Bu isə İran üçün vəziyyətin çətin olaraq qalacağını deməyə əsas verir.

Lakin hazırda qarşıdakı iki ay ərzində Trampın müəyyən qədər vaxtının qaldığını deyə bilərik. Bununla belə, onun bu müddət ərzində İranı təslim olmağa məcbur edəcəyi ilə bağlı gözləntilər çox azdır”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью