Icma.az bildirir, Bakupost portalına istinadən.
ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı qəbul etdiyi plandan artıq 14 aya yaxın vaxt keçir. Sözügedən plan 29 sentyabr 2025-ci ildə Ağ Evdə elan edilib. 17 noyabr 2025-ci ildə isə BMT Təhlükəsizlik Şurası planı dəstəkləyən qətnamə qəbul edib. Bu plan Qəzza sektorunda gərginliyin azaldılmasına yönəlik 20 bəndlik sülh təşəbbüsüdür. Plan atəşkəs, girov mübadiləsi, Qəzzanın bərpası və müharibədən sonrakı idarəetmə mexanizmlərini əhatə edir. Ona əsasən HƏMAS tərksilah edilməli, Qəzza zolağının demilitarizasiyası, İsrail qoşunlarının mərhələli geri çəkilməsi və müvəqqəti beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulub. Keçid mərhələsində idarəetmənin fələstinli texnokratlardan ibarət quruma (Milli Qəzza İdarəetmə Komitəsi) və planın icrasına nəzarət edən Sülh Şurasına verilməsi planlaşdırılıb.
Görəsən, hazırda planın icrası nə yerdədir? Prosesdə əhəmiyyətli irəliləyişlər hiss olunurmu?
Siyasi şərhçi Rufiz Hafizoğlu “Bakupost”a bildirib ki, bu günə qədər Qəzza planının heç bir müddəası yerinə yetirilməyib:
“Trampın Qəzza ilə bağlı planının icrasına başlanılıb. Planda əsas məsələlərdən biri HƏMAS-ın tam olaraq tərksilah edilməsi məsələsidir. Qurum silahları təhvil verməli, daha sonra beynəlxalq kontingentdən ibarət sülh qüvvələrinin əraziyə daxil olmalı və ərazi bərpa edilməli idi. Bu planların heç biri həyata keçməyib”
Bunun səbəbi isə həmsöhbətimizə görə, vaxt məhdudiyyəti məsələsilə bağlıdır:
“Səbəb isə ilk növbədə HƏMAS-ın tərksilah olunmaması, ona dəstəyin davam etməsi və İsraildə hökumət dəyişikliyi məsələsinin gündəmə gəlməsidir. Bunlar həmin planın baş tutmasına maneə olur. İsraildə seçkilər keçirildi və hökumət yenidən formalaşır. Yeni hökumət müəyyən güzəştlərə getməyə məcbur olacaq. Amma burada söhbət heç də HƏMAS-a güzəştə getməkdən getmir. Nə Fələstinin Mahmud Abbas adminstrasiyası, nə də digər ərəb ölkələri bunu istəmir. HƏMAS-a güzəşt edilməsini istəyən yeganə qüvvə “Müsəlman qardaşları” təşkilatı və ideoloji baxımdan ona yaxın oln bir-iki dövlətdir. Belədə Qəzza məsələsilə bağlı planın həll olunmadığını demək olar. Bu məsələdə heç bir irəliləyiş yoxdur və ola da bilməz”.
Müsahibimiz beynəlxalq sülh kontingentinin ərazidə yerləşdirilməsini də utopik və real olmayan bir plan hesab edir:
“Heç bir ölkə öz əsgərini həll olunmayan böhranı çözməyə göndərməz. Hətta ərəb mətbuatında HƏMAS-İsrail gizli əlaqələri, Netanyahu hökumətinin belə həmin təşkilata bu və ya digər şəkildə yardımı məsələləri də gündəmə gəlib ki, bu da İsrail və müsəlman toplumunu siyasi lərzəyə gətirəcək bir hadisədir”.
Rüfət Sultan,
BakuPost