Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“ABŞ Prezidenti Donald Tramp hələ seçkilər ərəfəsində, yəni prezidentliyə ikinci dəfə namizədliyini irəli sürdükdən sonra seçki kampaniyası zamanı bildirirdi ki, əgər hakimiyyətə gəlsə, Rusiya-Ukrayna qarşıdurmasını 24 saata, yarım ilə, yarım aya və sair müddətlərə dayandıracaq”.
Bunu Redaktor.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirdi.
Siyasi şərhçi Trampın seçki kampaniyası zamanı səsləndirdiyi əsas tezislərdən birini də xatırlatdı. Onun sözlərinə görə, Tramp müharibənin başlamasında keçmiş ABŞ Prezidenti Co Baydeni günahlandırır.
“Demişdi ki, "mən hakimiyyətdə olsaydım, bu müharibə baş verməyəcəkdi və bunun səbəbkarı Co Baydendir", - deyən T.Abbasov qeyd etdi ki, bu, Trampın daxili auditoriyaya, öz tərəfdarlarına, yəni Respublikaçılar Partiyasının fəallarına ünvanladığı tezisdir.
Politoloq Trampın Ukraynaya ABŞ tərəfindən ayrılan maliyyə vəsaitləri ilə bağlı mövqeyinə də toxundu. O bildirdi ki, ABŞ Prezidenti həmin vəsaitlərin müxtəlif vasitələrlə geri qaytarılmasını istəyir:
“İndiyə qədər də Donald Tramp bildirir ki, Ukraynaya Amerika tərəfindən xeyli sayda maliyyə vəsaiti verilib, 300 milyard dollardan artıq vəsait ayrılıb və həmin pullar, demək olar ki, bir dəfəlik gedib. O düşünür ki, bu vəsaitlər müxtəlif vasitələrlə, Ukrayna ilə, Ukrayna hökuməti ilə müxtəlif sazişlərin imzalanması yolu ilə geri qaytarılmalıdır. Bilirsiniz ki, nadir metallarla bağlı da saziş imzalanıb, amma hələ ki, bu mexanizm işləmir”.
T.Abbasov Donald Trampın hazırkı aqressiv mövqeyinin səbəblərindən birinin İran cəbhəsində yaşanan problemlərlə bağlı olduğunu düşünür:
“Donald Trampın indi niyə, belə deyək, təlatümə düşməsinin səbəbi isə İran cəbhəsində həqiqətən də çox böyük sıxıntılar yaşamasıdır. Onun aqressiv ritorikası heç nəyi dəyişmir. Çünki iranlılar onun dağıdıcı imperativlərinə faktiki olaraq məhəl qoymur və öz işlərini görürlər. İranda artıq son vaxtlar fəal müdafiə mövqeyindən hücum mövqeyinə keçdiklərini bildirirlər. Deyirlər ki, bu, onların strateji xəttidir. Çünki onlar öz bölgələrindədirlər, onlara təcavüz olunub və vurulan hər zərbəyə ən azı bir zərbə ilə cavab verəcəklər. Hətta cavablarının qeyri-adekvat, yəni daha sərt ola biləcəyini bildirirlər.
Bu baxımdan indi görürük ki, Donald Tramp Omana da təzyiqlər göstərməyə başlayıb və onları da dağıda biləcəkləri ilə bağlı hədələyici fikirlər səsləndirir. Sonra husilərlə bağlı da böyük təlatüm yaşayır. Bunun səbəbi isə ondan ibarətdir ki, qarşıdakı seçkilər, yəni noyabr ayında Amerika Birləşmiş Ştatlarında keçiriləcək aralıq seçkiləri ərəfəsində Donald Trampa müəyyən siyasi dividendlər lazımdır. Yəni gərək nəsə əldə etsin”.
Politoloq hesab edir ki, Trampın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında razılaşmanın əldə olunması ABŞ Prezidenti və onun administrasiyası üçün mühüm siyasi nəticə ola bilər:
“Mən sadəcə təsəvvür edirəm ki, əgər həqiqətən də onun vasitəçiliyi Ukrayna ilə Rusiya arasında bir uğur gətirəcəksə, bu, həqiqətən də böyük bir sürpriz olacaq. Həm Donald Trampın özü, həm onun komandası və administrasiyası, həm də Amerika Birləşmiş Ştatlarının diplomatiyası üçün mühüm nəticə olacaq. O zaman artıq deyəcək ki, “bax, görürsünüz, mən əvvəlcədən səkkiz müharibəni dayandırmışdım, bu da doqquzuncu oldu, yaxud onuncu oldu. Baxın, bunu yalnız mən edə bilərdim”. Yəni onun proqramı, belə demək mümkündürsə, bundan ibarətdir”.
T.Abbasov əlavə etdi ki, Trampın Rusiya ilə taktiki yaxınlaşmaq niyyətinin səbəblərindən biri də Moskvanın Çin və İrana təsir imkanlarıdır:
“Digər tərəfdən, Rusiya ilə bu taktiki yaxınlaşmaya niyə getmək niyyətindədir? Çünki Rusiyanın həm Çinə, həm də İrana təsir imkanları var. Yaxın Şərqdə müəyyən sabitliyin əldə olunması üçün mən hesab edirəm ki, Donald Tramp həm də Rusiyanın imkanlarından istifadə etməyi planlaşdırır”.
Siyasi şərhçi ABŞ-Rusiya münasibətlərinə də toxundu. O qeyd etdi ki, iki ölkə arasında tam yaxşı münasibətlərin yaranması mümkün görünmür, lakin Vaşinqton Moskva ilə əlaqələrdə son körpüləri də dağıtmağa çalışmır:
“Heç vaxt bunların tam yaxşı münasibətləri olmayacaq. Çünki onlar bir-birinə məhz silahın gözlüyündən baxırlar. Amma hər halda, Avropadan fərqli olaraq, Amerika Birləşmiş Ştatları həmişə çalışır ki, Rusiya ilə son körpüləri dağıtmasın, onları yandırmasın”.
Politoloq Avropanın Böyük Britaniya, Almaniya və Fransadan ibarət “üçlüyü”nün Rusiya ilə bağlı mövqeyinin ABŞ-dan fərqləndiyini bildirdi:
“İndi biz görürük ki, Avropanın üçlüyü – Böyük Britaniya, Almaniya və Fransa Rusiya ilə bağlı çox aqressiv mövqe tutub və Rusiyanın zəifləməsinə öz addımları ilə nail olmağa çalışırlar. İlk növbədə, Ukraynanı ruhlandırırlar. Yəni müharibə əsnasında Ukraynanı ruhlandırırlar ki, dayanmayın, təşəbbüsü ələ keçirə bilərsiniz. Xüsusilə də dron sənayeniz yavaş-yavaş inkişaf edir, digər dövlətlər də sizə kömək edir və sair”.
T.Abbasovun fikrincə, ABŞ isə Rusiya ilə yaxınlaşmaqla həm öz problemlərinin həllinə, həm də siyasi dividendlər əldə etməyə çalışır:
“Amma onlardan fərqli olaraq, Amerika Birləşmiş Ştatları, Qərbin ən nüfuzlu və ən böyük dövləti olmasına baxmayaraq, indi Rusiya ilə müəyyən yaxınlaşmaya çalışır ki, həm özlərinin həllini gözləyən problemləri üzrə hədəflərinə çatsınlar, həm də digər tərəfdən, rəqiblər arasında belə müəyyən dövrlərdə istiləşmə yaradaraq bundan siyasi dividendlər əldə etsinlər. Amma mənim əsas düşündüyümə görə, hədəf ondan ibarətdir ki, iki aydan sonra keçiriləcək aralıq seçkilərində Donald Tramp əliyalın gəlməsin. Çünki onun reytinqi xeyli aşağı düşüb. Səhv etmirəmsə, artıq 20 faiz civarındadır. Hələ Amerika Birləşmiş Ştatlarının prezidentlərinin reytinq göstəricilərinin bu qədər aşağı olduğunu görməmişdik”.
Politoloq Trampın Respublikaçılar Partiyası daxilində də ciddi problemlərlə üzləşdiyini vurğuladı:
“Digər tərəfdən, partiyasının daxilində də çox böyük çəkişmələr var. Onun mövqeyi ilə razılaşmayanlar səslərini çıxarmasalar da, artıq öz aralarında münasibətləri formalaşdırırlar ki, post-Tramp dövründə Respublikaçılar Partiyası zəifləməsin. Mən belə başa düşürəm ki, bütün bu çətinliklərin, Amerika daxilindəki böhranın, Respublikaçılar Partiyasının daxilində olan problemlərin və böhranların səbəbkarı məhz Trampın özüdür”.
Siyasi şərhçi Trampın xarici siyasət və dövlət idarəçiliyində tətbiq etdiyi yanaşmanı da tənqid etdi:
“Baxın, bu, çox qeyri-ənənəvi siyasi xətt yürüdən bir siyasətçidir, əgər ona siyasətçi demək olarsa. Marko Rubio Dövlət katibi və xarici siyasət idarəsinin rəhbəri ola-ola, Tramp hər yerə öz kürəkəni Kuşneri, dostu, tərəfdaşı və partnyoru Uitkoffu göndərir. Yəni o boyda dövləti belə bir yanaşma ilə idarə etmək mümkün deyil. Bu, düzgün deyil”.
T.Abbasovun sözlərinə görə, ABŞ siyasi, psixoloji və hərbi-texniki baxımdan geriləmə yaşayır və İranla bağlı vəziyyət bunu daha aydın göstərib:
“Ona görə Amerika Birləşmiş Ştatları həm siyasi, həm psixoloji, həm də hərbi-texniki baxımdan artıq geriləyir. İran cəbhəsi isə açıq şəkildə Amerikanın ən zəif nöqtələrini üzə çıxardı və göstərdi. Buna görə də son gün ərzində, səhv etmirəmsə, artıq Qərb və Amerika mətbuatı yazır ki, Bəhreyndə yerləşən Amerika Birləşmiş Ştatlarının Beşinci Donanmasının hərbi bazası demək olar ki, çarəsiz vəziyyətdədir. Bu nə deməkdir? Bu o deməkdir ki, Amerikanın donanması Fars körfəzindən yavaş-yavaş sıxışdırılır”.
Politoloq daha sonra Küveyt və İordaniyada İran tərəfindən vurulan obyektlərə diqqət çəkdi.
“Digər tərəfdən, Küveytdə və İordaniyada İran tərəfindən vurulan obyektlər də göstərir ki, quruda Amerika Birləşmiş Ştatlarının hərbçiləri olsa belə, onların imkanları məhdudlaşır. Bu isə o deməkdir ki, Yaxın Şərqdən Amerika Birləşmiş Ştatlarının əvvəlcə fiziki olaraq çıxması, digər tərəfdən isə nüfuzunun demək olar ki, sıfırlanması ehtimalı artır”.
T.Abbasov hesab edir ki, ərəb ölkələri də təhlükəsizlik məsələsində ABŞ-yə əvvəlki kimi bel bağlamağın mümkün olmadığını anlayıblar:
“İndi hər halda ərəb ölkələri, xüsusilə Körfəz ölkələri artıq başa düşdülər ki, təhlükəsizlik məsələlərinin təminində Amerikaya bel bağlamaq olmaz. Çünki Amerika faktiki olaraq heç bir şey demədən daha çox İsrailin qayğısında idi və ona köməklik göstərməyə çalışırdı. Amma ərəb ölkələrindən böyük həcmdə vəsait aldığı halda, hətta bütün iddialara baxmayaraq, onları müdafiə etmək üçün heç bir ciddi addım ata bilmədi. Bu da təbii ki, ərəb ölkələrinin hakim dairələrinin ürəyincə olmayan məsələdir”.
Politoloq sonda Donald Trampın hazırda əsas məqsədinin siyasi imicini qorumaq olduğunu bildirdi:
“Hesab edirəm ki, indi Donald Trampın ən böyük qayğısı öz imicinin xilası ilə bağlıdır”.
NURİYYƏ