Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kulis.az Bredi Korbenin “Brutalist” epik filmi haqqında Ömər Xəyyamın yazısını təqdim edir.
Bredi Korbenin “Brutalist” epik filmi, “Ən yaxşı film”, “Ən yaxşı kişi rolu”, “Ən yaxşı musiqi”, “Ən yaxşı rejissor” kateqoriyalarında, “Oskar” da daxil olmaqla, bir neçə beynəlxalq mükafatın qalibi olub.
Filmin ssenarisini Korbe ilə həyat yoldaşı Mona Fastvold birgə yazıb; musiqisini Deniel Blumberq bəstələyib, operatoru isə Lol Kroulidir.“Brutalist” filminin qəhrəmanı holokostdan xilas olmuş macar əsilli yəhudi memar Laslo Totdur.
Film irqçliyin, makkartizmin əleyhinə çıxış edir, kapitalizm/sənət, müharibə/sənət, müharibə/ailə münasibətlərinə işıq tutur, eyni zamanda, ümumiləşdirsək, “Amerika xəyalı”na, yəni, Amerikada rahat uğur qazanmaq, əziyyətsiz sosial/ictimai, siyasi/iqtisadi müstəvidə yüksəliş və sözün hər mənasında azadlığa yetişmək xülyasına ciddi ironiya edir.
Hətta deyərdim, bu film digər tərəfləri ilə birlikdə anti-amerikan xarakterlidir.
Yenə Edrian Broudi, yenə yəhudi qətliamı, yenə qaçış…Şpilmandan (“Pianist” bədii filminin qəhrəmanı) fərqli olaraq, bu dəfə məşhur aktyor Polşa yəhudisini yox, macar yəhudisini canlandırır, fon/dekor da başqa cür qurulub, üstəlik, hekayəyə brutalizm, brutalizmin mərmər kimi soyuğu, beton sərtliyi əlavə edilib; musiqi, quruluş, rəng, aktyorlar… Belə görünür, hər şey yaxşıdır, di gəl, nəsə çatmır…Brutalizm – mənim ən sevdiyim memarlıq üslubudur, ancaq onu da qeyd edim ki, bu memarlıq üslubunu sərtliyinə, soyuqluğuna və bir növ, xamlığına, saflığına görə bəyənməyənlər də var.Məsələn, Tramp 2025-ci ilin yanvarında sərəncam verdi ki, binası brutalizm üslubunda olan idarəedici və icraedici rəsmi strukturların ofisləri sökülsün, əvəzində daha müasir, estetik, səliqəli binalar inşa edilsin.
Bəstəkar Deniel Blumberqin uvertürası məni heç vaxt görmədiyim Daxau həbs düşərgəsinin içindən keçirdi.