Trampın Davosdan Qarabağ mesajı kimə ünvanlanıb? (ŞƏRH)

22.01.2026

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Donald Tramp Davosdakı çıxışında Qarabağ münaqişəsinin həllilə bağlı məsələyə toxunmaqla, problemləri həll etmək gücü və bacarığında olduğunu nümunə kimi göstərmək istəyib. Demək istəyib ki, BMT, ATƏT-in Minsk qrupunun həll edə bilməyən məsələləri o, həll edib".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev ABŞ Prezidenti Donald Trampın Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bir daha Azərbaycan-Ermənistan münaqişəsinə toxunmaqla hansı məqsəd güddüyünü şərh edərkən deyib. 

Ekspert qeyd edir ki, Tramp əslində bu açıqlamasında haqlıdır: 

"Münaqişə ilə bağlı yekun sülh müqaviləsi hələ bağlanmayıb. Trampın bəyan etdiyi Zəngəzur dəhlizi layihəsi də hələlik işə düşməyib. Proses hələ tamamlanmayıb. Digər tərəfdən, Tramp Qarabağ münaqişəsinin həllilə bağlı məsələyə toxunmaqla, problemləri həll etməyə qadir yeganə lider olduğunu göstərmək istəyib. Əslində o, düz deyir. Azərbaycanın qələbəsilə nəticələnən II Qarabağ müharibəsi məhz Trampın birinci prezidentliyi dövründə baş verdi. İndi də həmin məsələ yenə də onun təsiri altında tamamlanır. Tramp deyir ki, prosesi başlatdığı kimi indi də yekunlaşdırır".


Trampın bu bəyanatının artıq sözügedən münaqişəni heç kimin alovlandıra bilməyəcəyi mesajı kimi xarakterizə olunmasına gəldikdə, həmsöhbətimiz bildirir ki, tarixdə əsrlərlə Qarabağ məsələsi qabardılıb:

"Azərbaycan və Türkiyə torpaqlarına ermənilərin iddiaları hər zaman olub. Ona görə məsələ yenidən qabardıla bilər. Sadəcə olaraq, onun qarşısını almaq üçün prosesə hər zaman hazır olmalıyıq. İndiki vəziyyətdə İrəvan ona görə sülhə gedir ki, sadəcə olaraq, buna məcburdur. Amma bu o demək deyil ki, onlar əbədi olaraq bu məsələdən əl çəkiblər".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bir daha Azərbaycan–Ermənistan  münaqişəsinə toxunaraq, Qarabağ münaqişəsinin dayandırılmasını öz xarici siyasətinin mühüm uğurlarından biri kimi təqdim edib. O bildirib ki, 35 il  davam edən savaş məhz onun sayəsində dayandırılıb. ABŞ prezidenti çıxışında qeyd edib ki, bu prosesdən sonra Rusiya prezidenti Vladimir Putin ona zəng edərək təəccübünü gizlətməyib. Trampın sözlərinə görə, Putin telefon danışığında belə deyib: "Mən bu münaqişə ilə on ildən çox məşğul oldum, amma bitirə bilmədim. Sən isə bunu dayandırdın".

Rüfət Sultan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью