Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və onun Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff bu həftə Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqların növbəti mərhələsi üçün Norveçə səfər etməyi planlaşdırırlar.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə vəziyyətlə tanış olan üç mənbə məlumat verib.
Gözlənilir ki, görüşlərdə Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edəcək.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, səfər və görüşlərlə bağlı qrafik hələ ilkin xarakter daşıyır və dəyişə bilər.
Danışıqlar Vaşinqtonla Kiyev arasında gərginliyin artdığı bir vaxta təsadüf edir.
Son günlər Zelenski bildirib ki, ABŞ hakimiyyətinin qərarı nəticəsində Ukraynada “Starshield” peyk rabitə sisteminin sürəti azaldılıb, həmçinin ABŞ tərəfindən kəşfiyyat məlumatlarının mübadiləsi məhdudlaşdırılıb. Amerikalı rəsmilər isə hər iki iddianı təkzib ediblər.
Ukrayna döyüş meydanında rabitəni təmin etmək və pilotsuz uçuş aparatlarını idarə etmək üçün “SpaceX” şirkətinin hazırladığı “Starshield” sistemindən istifadə edir.
Sistemlə bağlı müqavilə ABŞ Müdafiə Nazirliyi tərəfindən imzalanıb. Nazirlik eyni zamanda Ukraynaya bu sistemdən istifadə etməyə icazə verir.