Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistana xəbərdarlıq edib.
Vilayəti bu barədə “İttilaat” qəzetində yayımlanan “Ermənistan Baş nazirinə açıq və səmimi müraciət” başlıqlı məqaləsində bildirib.
Ermənistan parlamentində “Tramp marşrutu” (TRIPP) layihəsinin təsdiqlənməsinə münasibət bildirən Vilayəti Baş nazir Nikol Paşinyanın siyasətini tənqid edərək, layihənin təsdiqlənməsini nəticəsiz və Ermənistan xalqının maraqlarına zidd addım adlandırıb.O, İranın Rusiyanın iştirakı ilə və ya iştirakı olmadan Cənubi Qafqazın təhlükəsizliyinin qorunmasını öz məsuliyyəti hesab etdiyini vurğulayıb. Vilayəti qeyd edib ki, Nikol Paşinyanın rəhbərlik etdiyi yeni hökumətin zərərli addımlarından biri Ermənistanla Azərbaycan arasında düşmənçiliyin daha da dərinləşdirilməsi olub.
İran rəsmisinin sözlərinə görə, Ermənistanın Azərbaycan, İran, Türkiyə və, ehtimal ki, gələcəkdə Gürcüstanla münasibətləri qeyri-sabit və proqnozlaşdırılmaz vəziyyətdədir. O, beş il əvvəl Tehranda keçirilən Astana formatlı sammiti, İran İslam Respublikasının əvvəlki Ali Rəhbərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü xatırladaraq, həmin görüşdə Zəngəzur dəhlizinin yaradılmasına açıq şəkildə qarşı çıxıldığını bildirib. Vilayəti bu mövqenin İranın xarici siyasətində “qırmızı xət”lərdən biri olduğunu vurğulayıb.
Vilayəti əlavə edib ki, Ermənistanın Rusiyanın Ukraynadakı müharibəyə cəlb olunması səbəbindən Moskvanın Cənubi Qafqazın təhlükəsizliyinə daha az diqqət yetirəcəyini düşünməsi mümkün yanlış hesablamadır. O, bu məsələni Ermənistan xarici işlər nazirinin müavini və ölkənin Tehrandakı səfiri ilə ayrı-ayrı görüşlərində müzakirə etdiyini, həmçinin, mətbuat konfransında İranın Rusiyanın iştirakı ilə və ya iştirakı olmadan regionun təhlükəsizliyinə cavabdeh olduğunu açıq şəkildə bəyan etdiyini bildirib.
“Son sözümü Ermənistanın səfirinə də dedim. Tramp və müttəfiqləri İranın bu “qırmızı xətti”ni keçmək istəsələr, onların ayaqlarını qıracağıq”, - İranın Ali Rəhbərinin müşaviri Ermənistanın Tehrandakı səfirinə dediyi sözləri məqaləsində qeyd edib. Vilayəti Ermənistan hökumətinin ABŞ, Fransa və Böyük Britaniyanın siyasətinə getdikcə daha çox tabe olmasını da tənqid edib, o, bu yanaşmanın Cənubi Qafqazda gərginliyin artmasına zəmin yarada biləcəyi barədə xəbərdarlıq edib.
“Cebheinfo.az”-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib ki, Vilayəti adətən Cənubi Qafqazda baş verən yeni prosesləri rahatlıqla həzm etmək istəməyən şəxslərdəndir:
“O, öz radikal dünyagörüşü ilə seçilir. Trampın da əslində İranla müharibəni sona qədər başa çatdırmaması İranın hərbi və dini rəhbərliyinin belə çıxışlar etməsinə sövq edir, ölkədə arxayınçılıq yaradır.
Çünki İsrail və ABŞ-nin İrana son hücumu heç də İran dövlətini çökdürmədi və belə olan təqdirdə, təbii ki, əgər mövcud vəziyyət dəyişməz qalarsa, bu, İranın qonşu ölkələrə qarşı daha sərt mövqedən çıxış etməsinə gətirib çıxaracaq.
İndi baxaq görək, Tramp yaxın vaxtlarda İranla müharibəyə başlayacaq, ya yox. Amma proses bu şəkildə davam edərsə, bu, İranın Cənubi Qafqazda və digər qonşu ölkələrlə münasibətlərində sərt ritorikanı daha da genişləndirəcəyi anlamına gələcək”.
O qeyd edib ki, Zəngəzur dəhlizi İran üçün də tranzit imkanları açır:
“Zəngəzur dəhlizinə gəlincə, aydın məsələdir ki, bu layihənin reallaşdırılması Ermənistanın öhdəliyidir. Lakin məlumdur ki, ölkələr arasında müxtəlif müqavilələr ola bilər. Xarici ölkələrin də bu proseslərə mane olması və ya əksinə, dəstək verməsi həmin layihələrin müqəddəratını təyin edir.
Rusiya ilə Ukrayna arasındakı müharibənin başa çatmasından sonra yaranacaq vəziyyət, eləcə də İran-ABŞ münasibətlərinin gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyi Cənubi Qafqaza da təsir edən amillərdəndir. Amma Zəngəzur dəhlizinin əslində İrana heç bir zərəri yoxdur. Bu dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirir. Eyni zamanda, İrana bir sıra dividendlər qazandırır. Belə ki, İran bu yoldan istifadə etməklə Avropaya, Şərqə və Qərbə çıxış əldə edə bilər”.
Politoloq Zaur Məmmədov vurğulayıb ki, əslində, İranla Azərbaycan arasında nəqliyyat xətləri ilə bağlı digər razılaşmalar da var:
“Amma nədənsə İran tərəfi hər zaman vaxtı uzatmaqla məşğuldur. Biz Şimal-Cənub layihəsinin məhz İranın ucbatından dəfələrlə gecikdirilməsinin şahidi olmuşuq. Bu da o deməkdir ki, İran özü hazırkı mərhələdə bu yolların açılmasında maraqlı deyil. Bu isə, təbii ki, qəribədir.
Hər halda, Vilayəti və Ermənistan öz aralarındakı problemləri müzakirə edə bilərlər. Azərbaycanla İranın siyasi hakimiyyətləri arasında açıq bir siyasət davam edir. Düşünmürəm ki, Pezeşkian hakimiyyəti Zəngəzur dəhlizini özünə rəqib və ya maraqlarına cavab verməyən bir layihə hesab edir. Amma İrandakı Vilayəti kimi şəxslər, eyni zamanda, dini və hərbi qruplaşmalar Zəngəzuru təhdid olaraq görməkdə bundan sonra da davam edəcəklər. Azərbaycanın da, Ermənistanın da nə deməsindən asılı olmayaraq, onların yanaşması və ritorikası böyük ehtimalla dəyişməyəcək”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər: Tramp Zaur Məmmədov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin