Trampın növbəti addımı dünyanı silkələyə BİLƏR

11.06.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Yaxın Şərqdə olduqca mürəkkəb bir situasiya yaranıb. Hazırda münaqişə tərəflərinin hər biri sülhdən danışır, lakin sülhə doğru yaxınlaşma demək olar ki, mövcud deyil. Üstəlik, münaqişə tərəflərinə indiki mərhələdə sülhün lazım olub-olmaması da mübahisəli məsələdir. Çünki tərəflərin heç biri qarşıya qoyulan məqsədlərə çatmayıb və belə bir situasiyada sülh sazişinin əldə olunması onların heç birini qalib statusuna gətirməyəcək. Əksinə, tərəflərin hər biri məğlub vəziyyətdə qalacaq”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli səsləndirdi.

Müsahibimizin sözlərinə görə, hazırda müxtəlif manevrlər edilir:

“Müharibənin başlanması ehtimalına yönələn bəhanə faktorları yaradılır. Məsələ ondadır ki, İsrail ABŞ və İran arasında razılaşmada qətiyyən maraqlı deyil. Ona görə də Livana zərbələri gücləndirir və buna cavab olaraq İran İsrailə zərbələr endirir. İran və İsrail arasında silahlı toqquşmaların davam etdiyi bir şəraitdə isə ABŞ və İran arasında anlaşma ehtimalı zəifləyir. Hətta Prezident Donald Tramp bəyan edib ki, anlaşma ehtimalı yüksək idi, lakin imzalanma ərəfəsində İran və ABŞ arasında baş verən silahlı toqquşmalar buna imkan verməyib. Yəni bu, artıq siyasi bəhanəyə çevrilir. Ardınca ABŞ helikopterinin vurulması Tramp administrasiyasına hərbi əməliyyatları bərpa etmək üçün əlavə bəhanə qazandırır.

Əslində, bu bəhanə yalnız qlobal məkan üçün deyil, eyni zamanda ABŞ-nin siyasi məkanı üçün də nəzərdə tutulub. Çünki ABŞ Senatında Prezident Trampın İrana qarşı hərbi əməliyyatları bərpa etmək səlahiyyətləri məhdudlaşdırılıb. Demək olar ki, onun belə bir səlahiyyəti artıq qalmayıb. Ona görə də Tramp həmin səlahiyyətlərin geri qaytarılması üçün ABŞ-nin zərər gördüyünü Senata sübut etməlidir. ABŞ helikopterinin vurulması da belə bir səbəb və bəhanə rolunu oynaya bilər. İndi ABŞ siyasi dairələrində bu məsələyə veriləcək reaksiyadan çox şey asılıdır”.

Onun fikrincə, əgər ABŞ parlamentariləri Tramp administrasiyasına Yaxın Şərqdə müharibəni davam etdirmək səlahiyyəti versələr, o zaman müharibənin yenidən genişlənmə ehtimalı ən yüksək səviyyəyə çatmış olacaq:

“Yəni bu baxımdan hesab etmək olar ki, çox qəliz bir hərbi-siyasi oyun oynanılır və bu oyunun hansı nəticələr verəcəyi böyük ehtimalla yaxın günlərdə tədricən aydınlaşmağa başlayacaq”.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью