Trampın növbəti hədəfi bəlli oldu

25.11.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Prezident Donald Tramp köhnə siyasətinə qayıtmağı – ABŞ-ın 16 əsas ticarət tərəfdaşına qarşı yeni gömrük rüsumları tətbiq etməyi planlaşdırır”. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu öz “Facebook” səhifəsində yazıb.

Politoloq “Reuters” agentliyinin məlumatına istinadən qeyd edir ki, ABŞ Ticarət Nümayəndəliyi yeni rüsumları əvvəlki tariflərin üzərinə əlavə etməyi təklif edəcək:

“Yeni tədbirlər fevral ayında ABŞ Ali Məhkəməsinin ləğv etdiyi tariflərin bir hissəsini əvəz etməyə yönəlib. Tariflər ölkələr üzrə fərdi qaydada müəyyənləşdiriləcək. Hədəf ölkələr siyahısında yenə Çin var.

İki ölkənin lideri arasında sıx dialoqa baxmayaraq, ABŞ administrasiyası Çinin ixrac imkanlarını genişlənməsindən narahatdır. Çinin dünya bazarında elektrik avtomobilləri, məişət texnikası və günəş panellərinin satışında aşkar liderliyi Vaşinqtonu narahat edir.

Buna baxmayaraq, ABŞ-la Çin arasında gömrük rüsumlarının artırılmamasıyla bağlı yanvarın 10-a qədər “ticarət atəşkəsi” davam edir. Əgər atəşkəs uzanarsa, Çin məhsullarına qarşı rüsumların 20 faiz həddində saxlanılması gözlənilir.

ABŞ-ın hədəf ölkələr arasında göstərdiyi Kanada və Hindistan öz aralarında ticarət sazişi imzalamağı planlaşdırırlar.

“Bloomberg” agenliyi ticarət sazişinin bu ilin sonuna qədər imzalanacağını yazıb. ABŞ-la Kanada arasında danışıqlarda nəticə əldə olunmayıb. İki dövlət arasında ticarət sazişi ilə bağlı fikir ayrılığı ortadan qaldırılmayıb.

Rusiya neftini aldığına görə, Hindistan da ABŞ-ın təzyiqi ilə üzləşib. Bu vəziyyətdə Kanada və Hindistan öz aralarında əməkdaşlığı gücləndirməyə qərar veriblər.

Uran ehtiyatına görə, Kanada dünya liderləri arasındadır. Kanada bu imkanlarıdan istifadə edərək Hindistanın atom enerjisinin inkişafında iştirak etmək istəyir. İki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində də əməkdaşlığın genişləndirilməsi planlaşdırılır”.

O qeyd edib ki, Tramp administrasiyasının digər iki müttəfiqi – Yaponiya və Cənubi Koreya məhsullarına da gömrük rüsumlarını artıracağı barədə məlumat var:

“Tramp Çindəki sammitdən geri dönərkən, Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə telefonla danışıb. Bu söhbətdə iqtisadi əlaqələrdən danışılmayıb.

Tramp Takaiçiyə Rusiya və Çin liderləri ilə üçtərəfli görüşünün təfərrüatlarını barədə məlumat verib.

Əlbəttə, Yaponiyanın Baş nazirini bu mövzu da maraqlandırır. Ancaq Tokio Vaşinqtonun tətbiq etməyə hazırlaşdığı gömrük rüsumlarından narahatdır”.

Gülər 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью