Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Trampın kürəkəni və Yaxın Şərq üzrə danışıqlarda iştirak edən Cared Kuşner İsrailin Qəzzaya hücumlarını müdafiə edən açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Kuşner podkast proqramında çıxışı zamanı İsrailin hücumlarının Qəzzada yaratdığı dağıntıları bölgənin yenidən qurulması üçün fürsət kimi qiymətləndirib.
O, hücumların ağır nəticələrə və böyük əzablara səbəb olduğunu etiraf etsə də, Qəzzanın əvvəlki vəziyyətinə qaytarılmasının əvəzinə, tamamilə yeni şəkildə yenidən qurulmasını təklif edib.
“ Hücumların pis tərəfi onların dəhşətli olması və çoxlu əzablara səbəb olması idi. Yaxşı tərəfi isə Qəzzanın yenidən qurulmasına ehtiyac olduğunu göstərməsi idi. Bəs niyə Qəzzanı əvvəlki vəziyyətinə qaytarmalıyıq? Gəlin onu tamamilə yeni bir yerə çevirərək yenidən quraq”, – deyə Kuşner bildirib.
Yaxın Şərqdəki prosesləri dəyərləndirən Kuşner uzun illərdir bölgədə sülhün arzulandığını, lakin buna nail olunmadığını qeyd edib. Sülh əvəzinə sabitliyə can atmağın daha real olub-olmadığı ilə bağlı suala cavabında isə o, mümkün olan ən iddialı və əsaslı nəticəyə nail olmağa çalışmaq lazım olduğunu deyib.
Kuşner bu yanaşmasını “İbrahim sazişləri” ilə əlaqələndirib. Onun sözlərinə görə, yəhudilərlə müsəlmanların birgə yaşaması, işləməsi, biznes qurması, bir-birini tanıması və dostluq münasibətləri yaratması üçün şəraitin formalaşdırılması sülhün əsasını təşkil edir.
O bildirib ki, sülh insanların bir araya gəlməsi ilə mümkündür. Kuşner, həmçinin bölünməni təşviq edən siyasətçilərə qarşı mübarizə aparmağın, dezinformasiyanın qarşısını almağın, köhnə yanaşmalardan uzaqlaşaraq yeni ideyaları təşviq etməyin vacibliyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az