Icma.az, Redaktor.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp İranla bağlı danışıqlar fonunda Omana qarşı hərbi əməliyyat ehtimalından danışıb. Tramp "Fox News"a müsahibəsində bildirib ki, Oman ABŞ-nin İranla sülh razılaşmasına və xüsusilə Hörmüz boğazı ilə bağlı planlarına mane olarsa, Vaşinqton hərbi addım ata bilər.
Hazırkı vəziyyətdə ABŞ-nin Omana hücum etmək şansı varmı?
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Redaktor.az-a mövzunu şərh edərkən bildirdi ki, Trampın verdiyi müsahibədə səsləndirdiyi bu sərt bəyanatlar geosiyasi müstəvidə geniş rezonans doğursa da, real hərbi əməliyyat ehtimalı vəziyyətin diplomatik və hərbi-strateji reallıqları fonunda kifayət qədər aşağı qiymətləndirilir:
Onun fikrincə, mövcud şəraitdə ABŞ-nin Omana qarşı hərbi addım atması ehtimalını aşağıdakı amillər çərçivəsində dəyərləndirmək olar:
"Donald Trampın bu cür sərt və qətiyyətli ifadələri, adətən, qarşı tərəfə, xüsusilə İrana və regional vasitəçilərə maksimum siyasi təzyiq göstərmək, eyni zamanda Vaşinqtonun Hörmüz boğazı üzərində nəzarətdən güzəştə getməyəcəyini nümayiş etdirmək məqsədi daşıyır. Bu, Trampın danışıqlar prosesində tez-tez istifadə etdiyi sərt ritorikanın bir hissəsidir.
Digər tərəfdən, Oman uzun illərdir Körfəz regionunda əsasən neytral mövqeyi ilə seçilir və ABŞ ilə İran arasında klassik vasitəçi, yəni diplomatik körpü rolunu oynayır. Omanın Tehranla Hörmüz boğazında gəmiçilik marşrutları ilə bağlı texniki müzakirələr aparması ABŞ-nin bölgədəki hərbi və təhlükəsizlik planları ilə müəyyən ziddiyyət təşkil etsə də, bunu birbaşa hərbi qarşıdurma üçün əsaslı səbəb kimi qiymətləndirmək düzgün olmaz".
General qeyd etdi ki, ABŞ üçün ərəb ölkələri ilə münasibətlərin qorunması və regionda daha genişmiqyaslı eskalasiyanın qarşısının alınması da strateji əhəmiyyət daşıyır:
"Omana birbaşa hərbi zərbə endirilməsi Körfəz əməkdaşlığı çərçivəsində ciddi böhran yarada, həmçinin Vaşinqtonun digər ərəb müttəfiqləri ilə münasibətlərinə mənfi təsir göstərə bilər. Nəticə etibarilə, Trampın sərt bəyanatlarını Hörmüz boğazında nəzarət uğrunda gedən gərgin diplomatik və iqtisadi mübarizənin tərkib hissəsi kimi qiymətləndirmək daha doğru olar. Bu açıqlamalar daha çox psixoloji və siyasi təzyiq xarakteri daşıyır. Praktiki müstəvidə isə ABŞ ilə Oman arasında birbaşa hərbi toqquşma hazırda real ssenari kimi qiymətləndirilmir".
Xədicə BAXIŞLI