Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrailin müdafiə naziri İsrael Katsa ordunun Qəzza zolağının sakinlərinin "könüllü şəkildə çıxması" üçün plan hazırlamasını tapşırıb.
Bu addım, ABŞ-nin Prezidenti Donald Trampın bölgə ilə bağlı mübahisəli planını elan etməsindən sonra atılıb.
"Cebheinfo.az" "Reuters"-ə istinadən bildirir ki, Trampın planına əsasən, ABŞ Qəzza zolağı üzərində nəzarəti ələ almalı, orada yaşayan iki milyondan çox fələstinlini başqa ölkələrə köçürməli və bu ərazini "Yaxın Şərqin Rivyerasına" çevirməlidir.
İsrael Kats bu ideyanı dəstəkləyərək, Qəzza sakinlərinin ölkəni tərk etməsinə imkan yaradılmalı olduğunu bildirib.
Katsın planına əsasən, Qəzzadan çıxış üçün quru yolları, həmçinin dəniz və hava vasitəsilə çıxış imkanları nəzərdə tutulacaq.
Lakin HƏMAS sözçüsü Basim Naim bu planı sərt tənqid edib və İsraili Qəzzadakı müharibədə məqsədlərinə nail ola bilmədiyi üçün belə bir addım atmaqda ittiham edib.
O vurğulayıb ki, fələstinlilər doğma torpaqlarına çox bağlıdır və buranı tərk etməyəcəklər.