Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Unutmamaq lazımdır ki, Trampın manevr imkanlarını məhdudlaşdıran əsas amillərdən biri ABŞ-ın öz daxili siyasi və institusional quruluşudur.
Konqres, federal məhkəmələr, ştat rəhbərlikləri və siyasi elitalar prezidentin qərarlarını balanslayan və nəzarətdə saxlayan mexanizmlər kimi çıxış edir...” “Reallıqda Trampın siyasəti vahid dünya hökmranlığı yaratmaqdan çox, çoxqütblü sistemdə ABŞ-ın mövqeyini mümkün qədər qorumağa və möhkəmləndirməyə yönəlmiş reaktiv və bir qədər də xaotik bir strategiyadır...” “Trampın qlobal diktatura qurması nə nəzəri, nə də praktik baxımdan mümkündür.
Lakin o, ABŞ-ı gücləndirməklə bu dövlətin itməkdə olan hegemon mövqeyini qorumağa çalışır.
Qlobal diktatura anlayışı beynəlxalq münasibətlər sisteminin təbiətinə ziddir, çünki bu sistem nə bir dövlət, nə də bir təşkilat tərəfindən idarə olunur.
Dünyada vahid qlobal hökumət yoxdur və beynəlxalq münasibətlər bir dövlət daxilindəki kimi müəyyən hüquqi-siyasi qaydalar əsasında fəaliyyət göstərmir.
Onun özünəməxsus qaydaları, institutları və formalaşmış ənənələri mövcuddur. Tramp bu qaydalara və ənənələrə qarşı çıxmağa çalışır.
Lakin mövcud beynəlxalq sistemin aşınması prosesi Tramp dövründə başlamayıb. Bu proses Rusiya-Ukrayna müharibəsi ilə açıq şəkildə üzə çıxdı.