Trampın reytinqi rekord həddə düşdü Demokratlar 7 faiz öndədir

01.11.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

ABŞ-da keçiriləcək aralıq seçkilər ərəfəsində demokratlar Konqresə nəzarət uğrunda mübarizədə respublikaçıları 7 faiz bəndi qabaqlayır. Eyni zamanda, prezident Donald Trampın fəaliyyətini bəyənməyənlərin sayı rekord həddə – 60 faizə çatıb. Amerikalıların əksəriyyəti ölkənin siyasi kursunun dəyişdirilməsini istəyir.

Modern.az xəbər verir ki, bu barədə NBC News-un oktyabrın 28-30-da keçirdiyi sorğunun nəticələrində bildirilib.

Sorğuda iştirak edən qeydiyyatdan keçmiş seçicilərin 52 faizi Konqresə demokratların, 45 faizi isə respublikaçıların nəzarət etməsini istəyir. Müstəqil seçicilər arasında demokratların üstünlüyü 21 faiz bəndi təşkil edir.

İqtisadi vəziyyətdən narazılıq seçkilərin əsas müəyyənedici amillərindən biri ola bilər. Respondentlərin təxminən dörddə üçü ölkə iqtisadiyyatının vəziyyətindən narazıdır. 51 faiz isə öz maliyyə vəziyyətini qənaətbəxş hesab etmir.

NBC News-un son 30 ildə keçirdiyi sorğularda ilk dəfə şəxsi maddi vəziyyətindən narazı olanların payı razı qalanların göstəricisini üstələyib.

Respondentlərin hər 10 nəfərindən 7-si ABŞ-ın yanlış istiqamətdə inkişaf etdiyini düşünür. Sorğuda iştirak edənlərin 64 faizi Donald Trampın onların gözləntilərini doğrultmadığını bildirib. Bu göstəriciyə prezidentə səs vermiş seçicilərin təxminən üçdə biri də daxildir.

Trampın fəaliyyətini bəyənənlərin payı isə 40 faiz təşkil edib.

Bununla belə, demokratların seçki mübarizəsində üstünlük əldə etməsi onların populyarlığının artması demək deyil. Respondentlərin 29 faizi Demokratlar Partiyasına, 38 faizi isə Respublikaçılar Partiyasına müsbət münasibət bəslədiyini bildirib.

Bundan başqa, respublikaçılar Trampın 2024-cü ildə qalib gəldiyi seçki dairələri və ştatlarda mövqelərini qoruyurlar.

Sorğu amerikalıların qarşıdakı seçkilərə marağının yüksək olduğunu da göstərib. Respondentlərin 70 faizi seçkilərə marağını 10 ballıq şkala üzrə 9 və ya 10 balla qiymətləndirib.

Seçkilərlə daha çox maraqlanan seçicilər arasında demokratlar respublikaçıları 12 faiz bəndi qabaqlayır.

Qeyd edək ki, ABŞ-da aralıq seçkilər 2026-cı il noyabrın 3-də keçiriləcək. Seçkilərdə Konqresin hər iki palatasının üzvləri müəyyənləşəcək. Nəticələr Donald Trampın prezidentlik müddətinin qalan hissəsində qanunverici hakimiyyətə hansı partiyanın nəzarət edəcəyini müəyyən edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью