Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukraynadakı münaqişənin başa çatdırılması ilə bağlı ABŞ-nin Rusiya ilə danışıqlarında iqtisadi əməkdaşlıq planları da gündəmə gəlib.
Redaktor.az xəbər verir ki, “Financial Times” (FT) nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası münaqişənin həlli üçün Moskva ilə böyük biznes sövdələşmələri həyata keçirmək planından geri çəkilib.
Nəşrin yazdığına görə, ABŞ Prezidentinin elçiləri Stiv Uitkoff və Cared Kuşner Avropa rəsmilərinə korporativ əməkdaşlığın artıq Vaşinqtonun Moskvaya təklif etdiyi planın əsas hissəsi olmadığını çatdırıblar. Halbuki ABŞ tərəfi əvvəllər iqtisadi əlaqələrin sülh razılaşmasına nail olmaq üçün əlavə stimul yaradacağını düşünürdü.
Bildirilir ki, Moskva və Vaşinqton nümayəndələri Amerika investorlarının “Şimal axını” qaz kəməri layihəsinə cəlb olunması imkanlarını da müzakirə ediblər. Cared Kuşner, həmçinin münaqişə başa çatdıqdan sonra ABŞ şirkətlərinin Rusiyanın neft layihələrində və titan istehsalında iştirakını təklif edib.
Lakin FT-nin məlumatına görə, Rusiya tərəfi bu təşəbbüslərə maraq göstərməyib. Nəşrə danışan rəsmilərdən biri Moskvanın belə təkliflərlə maraqlanmadığının açıq şəkildə bildirildiyini qeyd edib.
Aytəkin TOFİQQIZI