Trampın sözləri daha çox siyasi mesaj və təzyiq ritorikasıdır Hüquqşünas NATO ilə bağlı təklifdən DANIŞDI

23.01.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

23 yanvar 2026-cı ildə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazdığı paylaşımda ölkəsinin NATO-nu “sınaqdan keçirməli” olduğunu deyib, bunun üçün də 5-ci maddəni işə salıb müttəfiqləri ABŞ-nin cənub sərhədini “qeyri-qanuni miqrantların invaziyasından” qorumağa cəlb etməyin mümkünlüyünü irəli sürüb.

Maraqlıdır, Ameria liderinin təklifi NATO-nun Nizamnaməsinə uyğundurmu? Yəni miqrantlar silahlı hücum edən şəxs deyillərsə, NATO üzv dövlətin ərazisini necə qorumalıdır? Trampın bu təklifdə məqsədi nədir?

Hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi Əlövsət Allahverdiyev Redaktor.az-a açıqlamasında bildirdi ki, bu, rəsmi NATO planı və ya prosedur müraciət kimi yox, Trampın siyasi ritorikası və “hipotetik” təklifi kimi təqdim olunur. Onun sözlərinə görə, burada əsas məsələ doğruluqdan çox, belə bir ideyanın NATO-nun Nizamnaməsinə uyğun olub-olmamasıdır:

"NATO-nun kollektiv müdafiə mexanizmi olan 5-ci maddə mətn etibarilə “silahlı hücum” halına bağlanır: “tərəflərdən birinə və ya bir neçəsinə Avropada və ya Şimali Amerikada silahlı hücum olarsa, bu, hamısına hücum sayılır” yanaşması üzərində qurulub. NATO-nun öz rəsmi izahında da bu prinsip açıq şəkildə “armed attack / silahlı hücum” kimi formullaşdırılır və kollektiv müdafiə NATO-nun “ən fundamental” prinsipi kimi təqdim olunur".

Hüquqşünas qeyd etdi, Trampın “miqrant müdaxiləsi” kimi səsləndirdiyi hadisə isə hüquqi baxımdan adətən “silahlı hücum” kateqoriyasına düşmür:

"Qeyri-qanuni miqrasiya ağır sosial-siyasi təhlükəsizlik problemi ola bilər, sərhəd insidentləri, insan alveri şəbəkələri, zorakılıq epizodları və s. mövcuddur, amma bunların hamısını NATO Nizamanaməsində nəzərdə tutulan silahlı hücumla eyniləşdirmək üçün ya dövlətlərarası hərbi zorakılıq, ya da ən azı 11 sentyabr kimi miqyaslı, xaricdən yönələn silahlı terror aktı tipli presedentlərə bənzər hadisə tələb olunur. Bu nöqtədə ikinci incəlik də var, 5-ci maddə tətbiq olunsa belə, bu, avtomatik olaraq NATO qoşunu sərhədə gəlir demək deyil. NATO mexanizmi siyasi qərar mexanizmidir, Şura səviyyəsində razılaşma, qiymətləndirmə və üzvlərin fərdi qərarları tələb olunur. Üstəlik, Nizamnamə mətnində hər bir üzvün zəruri saydığı tədbirləri görəcəyi yazılıb, bu, hüquqi olaraq vahid məcburi öhdəliyindən daha çox, kollektiv həmrəylik çərçivəsində fərdi töhfələri nəzərdə tutur. NATO-nun rəsmi izahı da bu məntiqi saxlayır, 5-ci maddə kömək öhdəliyini yaradır, amma köməyin formasını hər üzv özü müəyyənləşdirir".

O, əlavə etdi ki, Trampın bunu deməsi müqaviləni pozmaq deyil, amma “miqrasiya axınını” 5-ci maddənin tətbiqi kimi təqdim etmək NATO müqaviləsinin mətni və illərlə formalaşmış tətbiq məntiqi ilə ciddi ziddiyyət yaradır.

"NATO müqaviləsində 5-ci maddənin hansı hallara şamil olunduğunu izah edən 6-cı maddə də “silahlı hücum” anlayışını daha da konkretləşdirir (məsələn, Avropa və Şimali Amerika əraziləri, Şimali Atlantika zonasında müəyyən coğrafi çərçivələr, gəmilər və təyyarələr və s.). Bu coğrafiya ABŞ ərazisinin bir hissəsini prinsipcə əhatə etsə də, həlledici məqam yenə də “silahlı hücum” şərtidir, miqrasiyanı bu kateqoriyaya sığışdırmaq hüquqi baxımdan çox zəif əsaslandırılır.

Trampın məhz “invaziya” terminindən istifadə etməsi təsadüfi deyil və məqsədin bir hissəsini izah edir. Tramp administrasiyası sərhəd böhranını daxili hüquq və siyasətdə “invaziya” kimi çərçivələndirməyə çalışan addımlar atıb, məsələn, Ağ Evin dərc etdiyi bir prezident sərəncamında cənub sərhədindəki vəziyyətin Konstitusiyanın IV maddəsi kontekstində invasion kimi qiymətləndirildiyi iddia olunur. Bu yanaşmanın hüquqi riskləri və mübahisəliliyi barədə ekspert müzakirələri də var. 5-ci maddə barədə paylaşım da eyni kommunikasiya xəttinin davamı kimi görünür, miqrasiyanı “təhlükəsizlik təcavüzü” dili ilə qabartmaq və məsələnin fövqəladə xarakterini ictimai rəyə qəbul etdirmək. Bununla yanaşı, Trampın NATO haqda əsas siyasi hədəflərindən biri illərdir dəyişməzdir, “qarşılıqlılıq” və müttəfiqlərin öhdəlikləri üzərindən təzyiq. “NATO bizi müdafiə edərmi?” tipli sualı sərhəd mövzusu ilə birləşdirmək, həm daxili auditoriyaya sərhəd mənim üçün çox önəmlidir mesajı verir, həm də xarici auditoriyaya müttəfiqlik təkcə Avropanın müdafiəsi deyil tezisini diqqətə çatdırır.

Praktik reallıqda belə bir ssenarinin işləməsi çox çətindir. NATO daxilində bir çox üzv ölkə miqrasiya böhranını ciddi problem saysa da, onu 5-ci maddənin “silahlı hücum” həddinə qaldırmaq presedent baxımından Alyansın özünü də zəiflədə bilər. 5-ci maddə hər ciddi böhranda işə düşən mexanizm kimi təqdim olunsa, onun çəkindirmə dəyəri və hüquqi-siyasi ciddiliyi aşınar. Bu səbəbdən, Trampın sözlərini daha çox siyasi mesaj və təzyiq ritorikası kimi qəbul etmək daha məqsədəuyğun olar", - deyə Ə.Allahverdiyev yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью