Trampın sözləri Tehranda lağlağı obyektinə çevrildi

01.04.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi ABŞ Prezidenti Donald Trampın "İranda rejim dəyişdi" iddiasını ələ salıb.

O,  dəyişənin Hörmüz boğazındakı vəziyyət olduğunu və boğazın ABŞ-yə açılmayacağını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Əzizi "X" sosial media platformasındakı hesabından paylaşdığı mesajında ABŞ Prezidenti Trampın "İranda rejimi dəyişdirdik" açıqlamasını dəyərləndirib.

Əzizi mesajında bu ifadələrə yer verib:

"Tramp nəhayət "rejim dəyişikliyi" xəyalına çatdı, lakin bu dəfə bölgənin dənizçilik rejimində. Hörmüz boğazı mütləq açılacaq, lakin sizin üçün deyil, İranın yeni qanunlarına tabe olanlar üçün. 47 illik qonaqpərvərlik dövrü bitdi".

Xatırladaq ki, ABŞ Prezidenti Tramp dünən verdiyi açıqlamada "İranda rejim dəyişikliyini artıq həyata keçirmişik. Bir rejimi devirdik, sonra ikinci rejimi də devirdik. İndi çox fərqli bir qrup insan var. Məncə, çox daha məntiqlidirlər, çox daha az radikaldırlar", - deyib.

ABŞ və İsrailin İrana yönəlmiş birgə hücumlarına qarşı İranın qisas həmlələri davam edərkən, İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazını ABŞ-İsrail və tərəfdarları ilə əlaqəli gəmilərin keçidi üçün bağlamışdı. İran donanması boğazdan keçməyə çalışan bəzi gəmiləri raket və silahlı pilotsuz uçuş aparatları ilə vurmuşdu.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью