Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
"Müharibənin qarşısının alınması və sülh şəraitində biznes fəaliyyətinin aparılması özü belə xeyirxah layihələrdir və buna görə Trampı günahlandırmaq düzgün deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov ABŞ prezidenti Donald Trampın Ukraynada müharibəni dayandırmaq səylərinin arxasında özünün biznes maraqlarının təmin edilməsinin dayandığı barədə xarici mətbuatda dərc edilən yazını şərh edərkən deyib.
Ekspert hesab edir ki, ABŞ liderini biznes layihələri həyata keçirməyə görə günahlandıranlar əslində onun siyasətini qəbul etməyənlərdir:
"Əlbəttə ki, Trampın bütün təşəbbüslərini, xüsusilə sülhyaratma istiqamətindəki təşəbbüsləri onun biznes fəaliyyəti ilə əlaqələndirirlər. Bu ABŞ prezidentinin atdığı bütün addımlara şamil edilir, Venesuela, Yaxın Şərq və s. İddia olunur ki, Rusiya-Ukrayna müharibəsini bitirmək Tramp üçün sonradan bu regionda biznes fəaliyyətini genişləndirmək üçün zəruridir. Guya Tramp gələcəkdə biznes layihələrini həyata keçirmək üçün zəmin yaratmaq məqsədi ilə müharibə və qan tökülməsinin qarşısını almaq istəyir. Bu iddiaların nə dərəcədə həqiqətə uyğun olduğunu söyləmək mümkün deyil".

Müsahibimiz düşünür ki, Trampla bağlı ortaya atılan bu iddia Ukraynada müharibənin davam etdirilməsində maraqlı olan Avropa ölkələri tərəfindən dövriyyəyə buraxılıb:
"Rusiya-Ukrayna müharibəsinin qarşısının alınması, atəşkəsin əldə olunması istiqamətində Trampın fəaliyyətinə gəlincə, məlum olduğu kimi onun təklif etdiyi sülh planı Ukrayna və onun arxasında dayanan Avropa ölkələri tərəfindən birməmalı qarşılanmır. Onlar Rusiyanın işğal etdiyi torpaqları geri qaytarmaq və Rusiyanı geri çəkilməyə məcbur etmək istəyirlər. Çünki, Ukrayna torpaqlarının Rusiyanın əlində qalmasını özləri, gələcəkləri üçün ciddi təhlükə hesab edirlər.
Məhz buna görə də həmin dairələr Trampın sülh planının arxasında biznes layihələrinin dayandığı fikrini dövriyyəyə buraxırlar. Düşünürəm ki, əsasında biznes layihələri dayansa da belə, insanların ölməsinin, qan tökülməsinin qarşısını almaq ən ali məqsəd olmalıdır".
Qeyd edək ki, hazırda Ukrayna-Rusiya müharibəsinin dayandırılmasına nail olmaq istiqamətində ən aktiv rol oynayan qüvvə ABŞ, daha doğrusu onun lideri Donald Trampdır. O, hakimiyyətə gələndən bu problemi həll etmək üçün müxtəlif şirnikləndirici, təhdidedici addımlara əl atıb.
Britaniyalı hərbi analitik Maykl Klark "Sky News"a verdiyi açıqlamasında Trampın Ukrayna məsələsində bu canfəşanlığını şərh edərkən bildirib ki, ABŞ prezidenti münaqişə ilə bağlı tez bir zamanda sülh sazişi əldə etmək istəyir. Onun iddiasına görə, bu məsələdə Amerika liderinin öz şəxsi məqsədləri var.
Hərbi analitik Trampın Rusiyada öz biznesini yaratmaq və Moskva ilə bir sıra sazişlər bağlamaq istədiyini qeyd edib. Klark hesab edir ki, Tramp daşınmaz əmlak, enerji və faydalı minerallar sahəsində Rusiya ilə saziş bağlamağa çalışır. Ona görə də bütün gücünü sərf edir ki, müharibə tezliklə bitsin.
Rüfət Sultan