“Trampın təklifinə “yox” demək olmazdı...” Ekspert bunun səbəblərini AÇIQLADI

23.01.2026

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycanın ABŞ Prezidenti Donald Trampın təklif etdiyi “Sülh Şurasına” qoşulması qərarı doğrudur”.

“AzPolitika” bildirir ki, politoloq Elxan Şahinoğlu rəsmi Bakının qərarını şərh edərkən deyib. Ekspert bunun bir neçə səbəbi olduğunu deyir:

“Birincisi, Trampın dəvətinə “yox” demək strateji tərəfdaşlıq yolunda addımlayan iki ölkə arasındakı münasibətlərə mənfi təsir edər, “Sülh Şurası”na üzvlükdən imtina indiki geosiyasi reallıqda Azərbaycanın maraqlarına zidd olardı.

İkincisi, Donald Tramp ötən ilin oktyabr ayında Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə Azərbaycan Prezidenti İlham Əliyevi də dəvət etmişdi. Bununla Tramp Azərbaycanın da Yaxın Şərq sülh prosesində iştirakını arzulayıb. İlham Əliyev Azərbaycan hərbçilərinin Qəzzaya göndərilməyəcəyini söyləsə də, ölkəmiz Qəzzanın yenidən qurulması prosesində iştirakdan imtina etməyib.

Üçüncüsü, Donald Tramp “Sülh Şurası”nın Qəzzayla kifayətlənməsini istəmir. O və onun administrasiyası “Sülh Şurası”nın gələcəkdə BMT-ni əvəz edə biləcəyi qənaətindədir. Azərbaycan super dövlət statusuna malik olan ABŞ-ın dünyanın yeni təhlükəsizlik arxitekturasını formalaşması prosesindən kənarda qalmamalıdır”.

E. Şaşhinoğlu dördüncü səbəb kimi Ermənistanın Trampın “Sülh Şurası”na üzvlük təklifinə müsbət cavab veribsə, Azərbaycanın Vaşinqtona mənfi cavab vermək lüksünün olmamasını göstərib.

“Digər tərəfdən Azərbaycanın müttəfiqləri Türkiyə, Qazaxıstan və Özbəkistan da Trampın təklifinə müsbət cavab veriblər”, - o vurğulayıb.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью