“Trampizm”in gələcəyi: Cey Di Vens partiyanı birləşdirəcək, yoxsa parçalayacaq?

04.08.2026

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

“Axios”un məlumatına görə, Donald Tramp aralıq seçkilərdə Respublikaçılar Partiyasının mümkün itkilərini özü üçün həlledici təhlükə hesab etmir və partiya daxilində təsirini qoruyacağına inanır. Nəşr iddia edir ki, Trampın 2028-ci il prezident seçkilərində iştirak edəcəyi ilə bağlı bəyanatları daha çox siyasi təsir və gündəm yaratmağa xidmət edir. Halbuki onun əsas gözləntisi Respublikaçıların namizədi kimi vitse-prezident Cey Di Vensin önə çıxmasıdır. Bu ehtimal Respublikaçılar Partiyasında Trampdan sonrakı liderlik uğrunda mübarizənin artıq başladığını və partiya daxilində müxtəlif ideoloji qruplar arasında rəqabətin dərinləşdiyini göstərir.Əgər Donald Tramp 2028-ci ildə namizəd olmayaraq Cey Di Vensi açıq şəkildə öz siyasi varisi kimi dəstəkləsə, bu addım Respublikaçılar Partiyasını uzunmüddətli “Trampizm” ideologiyası ətrafında birləşdirəcək, yoxsa Ron Desantis və digər iddiaçıların müqaviməti nəticəsində partiya daxilində daha sərt parçalanmaya səbəb olacaq?

Politoloq Elman Telmanoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Donald Trampın 2028-ci il prezident seçkilərində namizəd olmayaraq Cey Di Vensi açıq şəkildə siyasi varisi kimi dəstəkləməsi Respublikaçılar Partiyası üçün həm birləşdirici, həm də yeni daxili rəqabət yaradan amilə çevrilə bilər: “Bu proses ilk növbədə Trampın partiya daxilində nüfuzunu nə dərəcədə qoruyub saxlamasından və onun elektorat üzərində təsir imkanlarının davam etməsindən asılı olacaq”.

“Hazırkı mərhələdə Cey Di Vens Trampın siyasi xəttinə ən yaxın fiqurlardan biri hesab olunur. Onun dəstəklənməsi “Trampizm”in ideoloji davamlılığını təmin edə və partiyanın populist-mühafizəkar qanadını vahid platforma ətrafında birləşdirə bilər. Bu halda Tramp formal olaraq hakimiyyətdən kənarda qalsa belə, Respublikaçılar Partiyasının strateji qərarlarına təsir göstərən əsas siyasi fiqur statusunu qoruyacaq. Lakin bu ssenari partiya daxilində rəqabəti tamamilə aradan qaldırmır. Ron Desantis və digər potensial namizədlər Respublikaçıların yalnız bir şəxsin siyasi irsinə söykənməsinin partiyanın gələcək seçki perspektivlərini məhdudlaşdıra biləcəyini iddia edə bilərlər. Xüsusilə ənənəvi respublikaçı elita və mühafizəkar dairələrin bir hissəsi partiyanın daha geniş seçici bazasına xitab edən yeni lider modelinə ehtiyac olduğunu müdafiə edir. Buna görə də yaxın illərdə Respublikaçılar Partiyasında əsas mübarizə şəxslər arasında deyil, “Trampizm”in gələcək formatı uğrunda gedəcək. Əgər Tramp öz elektoratını tam şəkildə Cey Di Vensin arxasında səfərbər edə bilsə, partiya daxilində onun liderliyi böyük ölçüdə qəbul edilə bilər. Əks halda isə Desantis və digər iddiaçıların fəallaşması Respublikaçılar Partiyasında ideoloji və siyasi rəqabəti daha da kəskinləşdirəcək və 2028-ci il seçkiləri ərəfəsində liderlik uğrunda ciddi daxili mübarizəyə səbəb olacaq”, – deyə politoloq qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью