Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

06.10.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Budapeşt, 6 oktyabr, AZƏRTAC

Transilvaniyanın etnik macarların üstünlük təşkil etdiyi Reqin şəhərində süni intellekt üçün 8 milyon avrodan çox dəyəri olan məlumat mərkəzinin yaradılması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, Rumıniyanın Expert IT şirkətinin həyata keçirdiyi layihənin ilk mərhələsində 7 serverdə 56 yüksəkməhsuldarlıqlı NVIDIA B300 qrafik prosessorunun quraşdırılması nəzərdə tutulur.

Serverlərin ilin sonunadək fəaliyyətə başlaması gözlənilir. Şirkət daha sonra layihəni əlavə 512 qrafik prosessoru ilə genişləndirmə imkanını da nəzərdən keçirir. İnvestisiya Reqində 1,7 hektarlıq ərazidə planlaşdırılan ümumilikdə 10 milyon avroluq inkişaf proqramının bir hissəsidir. Məlumata görə, layihənin əsas istiqamətlərindən biri səhiyyə olacaq.

Expert IT universitetləri ilə əməkdaşlıq edərək həkimlərə dəstək verən, tibbi görüntüləri təhlil edən və diaqnozun sürətləndirilməsinə kömək edən süni intellekt sistemləri hazırlamağı planlaşdırır. Xüsusilə onkologiya və kardiologiya sahələrində bu texnologiyaların böyük məlumat massivlərini və tibbi görüntüləri analiz etməsi nəzərdə tutulur. Transilvaniyada süni intellekt infrastrukturu üzrə digər iri layihələr də hazırlanır. Bu təşəbbüslər regionda süni intellekt mərkəzinə çevrilmək səylərinin tərkib hissəsidir və strateji əhəmiyyət daşıyır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью