Travma zamanı bunları ETMƏYİN Həkim AÇIQLADI...

28.01.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yol-nəqliyyat hadisələri zamanı xəsarət alan şəxsə kömək etmək istəyən vətəndaş ilk növbədə öz təhlükəsizliyini təmin etməli və yanlış müdaxilələrdən çəkinməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini - baş həkim Nizami Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, bu mövzu ilə bağlı dəfələrlə radio və sosial şəbəkə çıxışlarında ictimaiyyətə məlumat verilib. Nizami Məmmədov bildirib ki, qəza yerində yardım göstərmək istəyən vətəndaş ilk növbədə öz təhlükəsizliyini təmin etməlidir. Çünki yardım zamanı həmin şəxs başqa bir avtomobil tərəfindən vurula və ya partlayış kimi risklərlə üzləşə bilər.

Baş həkim qeyd edib ki, yalnız təhlükəsizlik təmin edildikdən sonra xəsarət alan şəxsə yaxınlaşmaq olar. Əgər zərərçəkənin şüuru aydındırsa, əsas məqsəd onun tənəffüsünün və hava yollarının açıq qalmasını təmin etməkdir.

O vurğulayıb ki, travma almış şəxsin ətrafına izdihamla toplaşmaq, ona su içirmək, zorla yerindən tərpətmək, dartaraq hadisə yerindən çıxarmaq və ya çıxmış oynaq və sümükləri yerinə salmağa cəhd etmək qətiyyən yolverilməzdir. Bu cür yanlış addımlar xəsarətin daha da ağırlaşmasına səbəb ola bilər.

Həkim qeyd edib ki, travma alan şəxslərə ilkin tibbi yardım zamanı həkimlər ilk növbədə şokun qarşısını almalı, qanaxmanı dayandırmalı və güclü ağrını idarə etməlidirlər.

Nizami Məmmədov bildirib ki, travma aldığı andan etibarən xəstəxanaya çatana qədər göstərilən tibbi xidmətin protokolu xüsusi əhəmiyyət daşıyır. Xüsusilə ağrı şoku, ciddi ağrı və ya travmanın metal konstruksiya arasında sıxışması kimi hallarda dərhal nəzərət tələb olunur. Eyni zamanda, venoz və ya arteriya qanaxması varsa, xəstəyə ilkin yardım zamanı qanaxmanın dayandırılması prioritetdir.

Onun sözlərinə görə, ilkin mərhələdə xəstənin qan dövranının stabilləşdirilməsi, şokun qarşısının alınması və ağrıların azaldılması əsas məqsəddir. Sonrakı müalicə mərhələləri isə daxili müalicə və cərrahiyyə müdaxiləsi kimi ixtisaslaşmış stasionar müəssisələrdə aparılır.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью