Icma.az, Bakivaxti saytına istinadən bildirir.
“Çiyinlərin asimmetrik olması skoliozun əlamətlərindən biri ola bilər”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.
Mütəxəssis bildirib ki, skolioz onurğanın ön müstəvidə 10 dərəcədən artıq əyriliyi ilə xarakterizə olunan patologiyadır. Onun sözlərinə görə, kifoz və digər onurğa əyrilikləri zamanı da valideynlərin uşağın bədən quruluşunda yaranan asimmetriyalara diqqət yetirməsi vacibdir.
İ.Şıxbabayev qeyd edib ki, bəzi əlamətləri valideynlər uşağın gündəlik müşahidəsi zamanı da görə bilərlər. Belə ki, çiyinlərdən birinin digərindən yuxarıda yerləşməsi, uşağın kürək nahiyəsində önə əyilmə və ya bədən quruluşunda asimmetriyanın yaranması diqqət çəkən əlamətlərdəndir.
“Əgər valideyn uşağın çiyinlərinin asimmetrik olduğunu, bir çiyinin digərindən yuxarıda yerləşdiyini, kürək nahiyəsində önə əyilmə və ya bədən qırışlarında fərqlilik olduğunu müşahidə edirsə, mütləq şəkildə həkimə müraciət etməlidir”, - deyə travmatoloq-ortoped vurğulayıb.
O bildirib ki, belə əlamətlərin vaxtında qiymətləndirilməsi mümkün onurğa problemlərinin erkən aşkarlanması baxımından əhəmiyyətlidir.
Zeynəb Rzayeva