Trendə çevrilə bilməyən elm fədailərimiz

02.02.2026

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əbülfəz SÜLEYMANLI
Professor
[email protected]

Son dövrlər Azərbaycan sosial media məkanında “nağarada Vaqifdir, udarnikdə Namiqdir, klarnetdə Sultandır...” formatında yayılan əyləncəli video trendinin sürətlə geniş auditoriyaya yayıldığını müşahidə edirik. Müxtəlif peşə sahibləri – ilk növbədə sənət adamları, jurnalistlər, tələbələr və hətta məktəblilər belə bu axına qoşularaq öz versiyalarını paylaşırlar. Təbii ki, əylənmək hər kəsin haqqıdır. Xüsusilə incəsənətin zəngin ənənələrə malik olduğu Azərbaycan kimi bir ölkədə bu cür yaradıcılıq və yumor müəyyən həddə qədər normal qarşılanmalıdır.

Lakin burada söhbət artıq təkcə əyləncədən getmir. Problem ondadır ki, bu gün kütlə mədəniyyəti həm ənənəvi KİV-lər, həm də sosial media vasitəsilə cəmiyyətin zövqünü və diqqətini tam şəkildə öz təsiri altına alıb. Bu platformalar artıq yalnız ünsiyyət və məlumat mübadiləsi vasitəsi deyil, eyni zamanda ictimai zövqü, maraqları və prioritetləri formalaşdıran əsas istiqamətləndirici mərkəzə çevrilib. Nə trenddirsə, nə çox paylaşılırsa, nə daha çox baxış alırsa, avtomatik olaraq “dəyərli” hesab olunur.

Bu gün sosial şəbəkələrdə musiqi, zarafat, imitasiya və qısa videolar sürətlə populyarlaşır. Sabah isə başqa bir əyləncə dalğası gəlir və əvvəlkini unudur. Bu dəyişkənlik, sürət və səthilik müasir kütlə mədəniyyətinin dərin düşüncəni sıxışdıran əsas mexanizminə çevrilib. Belə bir mühitdə isə xüsusilə gənclərin hansı dəyərlərə yönəldiyi, kimi örnək götürdüyü və hansı ideallarla formalaşdığı getdikcə daha çox təsadüfi və səthi meyarlara bağlı olur.

Bəzən istər-istəməz düşünür və arzu edirsən ki, kaş bir gün sosial media məkanımız və ümumilikdə cəmiyyətimiz bugünkü çal-çağır ab-havasından çıxıb, “kvant fizika sahəsində Vüqardır, süni intellekt sahəsində Günaydır, tibdə Elçindir, hüquq sahəsində Camaldır” kimi – burada adlar rəmzi məna daşıyır – trendlərlə də gündəm yarada biləydi. Kaş ki, gənclər alimlərin, filosofların və tədqiqatçıların adlarını da bu qədər həvəslə paylaşa, onları özləri üçün əsas örnək və rol model kimi seçə biləydilər. Kaş ki, sosial media elmə, biliyə və intellektual uğura da ictimai prestij və cazibə qazandıra biləydi.

Halbuki bu cür örnəklər əslində mövcuddur. Bu gün müasir azərbaycanlı alimlərin, tədqiqatçıların və innovatorların adları ilə bu boşluğu doldurmaq mümkündür. Süni intellekt, informasiya texnologiyaları, biotexnologiya və energetika sahələrində, xüsusilə də xaricdə fəaliyyət göstərən onlarla istedadlı, beynəlxalq səviyyədə tanınan gənc mütəxəssisimiz var. Lakin onların uğurları çox vaxt yalnız dar akademik mühitdə qalır, geniş ictimaiyyətə yetərincə təqdim edilmir və ictimai şüurda layiqli yerini tutmur.

Halbuki xüsusilə elmdə inkişaf etmiş ölkələrin təcrübəsi tamamilə fərqlidir.

Məsələn, ABŞ-da və Avropada alimlər, startap qurucuları, texnoloji liderlər ictimaiyyət üçün tanınmış simalara çevrilir. Elon Musk, Bill Gates, Sam Altman kimi şəxslər yalnız biznesmen deyil, həm də bilik və texnologiya simvolu kimi təqdim olunur. Yaponiyada mühəndislər və ixtiraçılar məktəblilər üçün rol modeldir. Cənubi Koreyada texnologiya mütəxəssisləri media tərəfindən daim ön plana çıxarılır. Finlandiyada alimlərin çıxışları televiziya proqramlarında yayımlanır və böyük maraqla izlənilir.

Bu ölkələrdə elm yalnız laboratoriyalarda qalmır, gündəlik həyatın intellektual dayağına və milli inkişaf strategiyasının əsas sütununa çevrilir. Media, sosial platformalar və dövlət siyasəti elmi biliklərin populyarlaşmasına sistemli və məqsədyönlü şəkildə xidmət edir.

Azərbaycanda isə elm çox zaman “sakit sahə” kimi qalır. Uğurlu bir alim beynəlxalq jurnalda məqalə dərc etdirir, patent alır, innovativ layihə həyata keçirir, lakin bu uğurlar geniş ictimaiyyətin diqqət mərkəzinə çevrilmir, media gündəmində lazımi yer tutmur və çox vaxt qısa müddət sonra unudulur. Cəmiyyətin əsas müzakirə mövzuları arasında elmi nailiyyətlər nadir hallarda yer alır. Beləliklə, elmi zəhmət sosial görünməzliyə məhkum edilir.

Bu, əlbəttə, təsadüfi deyil. Sosial media alqoritmləri sürətli emosiyanı, gülüşü və sensasiyanı daha çox önə çıxarır. Elm isə zaman, səbr və dərinlik tələb edir. Bu da sürətli istehlak mədəniyyəti fonunda rəqabətdə uduzur.

Amma bu vəziyyət dəyişməz deyil.

Süni intellektin və yeni rəqəmsal texnologiyaların dünyanı sürətlə dəyişdirdiyi bir dövrdə, əgər biz gələcəkdə innovativ, texnoloji və elmi cəhətdən güclü Azərbaycan görmək istəyiriksə, elmə münasibətimizi köklü şəkildə dəyişməliyik. Gənclərimizin elmə marağını və meylini gücləndirmək üçün alimlərimizi, tədqiqatçılarımızı və mühəndislərimizi daha fəal şəkildə populyarlaşdırmalı, onların uğurlarını geniş auditoriyaya müasir kommunikasiya vasitələri ilə sistemli şəkildə çatdırmalıyıq. Məktəblərdə, mediada, sosial şəbəkələrdə bilik və yaradıcılıq milli dəyər və strateji sərvət kimi təqdim olunmalıdır.

Bəlkə də bir gün trend videolarda elm, texnologiya, tibb və hüquq sahələrində uğur qazanan gənclərimizin adlarının çəkildiyini, onların cəmiyyət üçün əsas rol modellərinə çevrildiyini görəcəyik. O zaman əyləncə ilə yanaşı, elm və elm sahəsində çalışan insanlarımızda cəmiyyətin əsas diqqət mərkəzində olacaq.

Sosial media bu gün kütlə mədəniyyətinin zirvəsidirsə, sabah elmi mədəniyyətin tribunası da ola bilər. Bunun üçün sadəcə zövqlərimizi, prioritetlərimizi və gözləntilərimizi yenidən düşünmək və yenidən formalaşdırmalıyıq. Bu məqsədlə elm və elmi fəaliyyət sahəsi uzunmüddətli sosial inkişafın, milli rəqabət qabiliyyətinin və davamlı dövlət quruculuğunun əsas institusional dayaqlarından biri kimi sistemli şəkildə möhkəmləndirilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью