Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İnanaq ki, regionun qapılarının dünyaya açılmasına az qalıba...
Diqqətlərin Ermənistanın yeni konstitusiya layihəsinə yönəldiyi hazırkı dövrdə ondan heç də az əhəmiyyət daşımayan bir mövzu da var. Söhbət “Beynəlxalq Sülh və Rifah naminə Tramp yolu”ndan və ya “Tramp marşrutu”ndan, yaxud qısaca TRIPP-dən gedir. Azərbaycan onun reallaşması üçün məsuliyyətli davranıb və bu barədə söz açacağıq. Ancaq vurğulamaq istədiyimiz məqam bir qədər fərqlidir. Çünki yalnız ölkəmizin məsuliyyəti kifayət deyil.
Qeyd edək ki, rəsmi Bakı TRIPP-in 2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə imzaladıqları Birgə Bəyannamədə yer almasından dərhal sonra hərəkətə keçdi. Prezident İlham Əliyev həmin il sentyabrın 24-də keçirilmiş VI Xəzər Biznes Forumunun iştirakçılarına müraciətində bildirdi ki, ölkəmiz bu marşrutun vaxtında reallaşdırılmasını təmin etmək üçün bütün səylərini səfərbər edib. Dövlətimizin başçısı 2026-cı ilin fevralında Bakıda Birləşmiş Ştatların vitse-prezidenti Ceyms Devid Vensi qəbul edərkən, “biz Azərbaycan vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətləri qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının təchizatına başlamışıq” deməklə, həmçinin bu iradəmizi ticarət və əməkdaşlığın başlanğıcı kimi qiymətləndirməklə yanaşı, TRIPP-i Asiya ilə Avropanı birləşdirəcək mühüm nəqliyyat layihəsi adlandırmışdı.
Prezident İlham Əliyev bu il avqustun 8-də, yəni sözügedən Birgə Bəyannamənin imzalanmasının birilliyində ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Azərbaycanın öz ərazisindəki nəqliyyat infrastrukturu işlərini başa çatdırmaq mərhələsində olduğu vurğulamışdı. Danışıq zamanı, eyni zamanda, Ermənistan ərazisində TRIPP layihəsi üzrə işlərin tezliklə başlanacağına ümid ifadə olunmuşdu.
Qeyd edək ki, Prezident İlham Əliyev ölkəmizin TRIPP-in reallaşması naminə üzərinə düşən işlərlə bağlı məsuliyyətini vurğulayan ən dolğun və konkret fikirlərini bu il avqustun 11-də Naxçıvanda açıqladı. Dövlətimizin başçısı bu qədim diyarımıza səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə bildirdi ki, “İkinci Qarabağ müharibəsi başa çatar-çatmaz biz dərhal həm dəmir yollarının, həm də avtomobil yollarının bərpasına başladıq, o cümlədən Naxçıvana doğru gedən yolların tikintisinə”.
Əlbəttə, Azərbaycan liderinin mövzuya dair açıqladığı digər vacib məqamlar da var. Məsələn, Horadiz–Ağbənd avtomobil yolunun, demək olar ki, hazır vəziyyətə gəlməsi, dəmir yolunun tikintisinin sürətlə davam etməsi, növbəti il dəmir yolunun Ermənistan sərhədinə çatdırılmasının nəzərdə tutulması, Naxçıvanda Ordubad və Sədərək istiqamətlərində dəmir yolunun çatışmayan hissələrinin bərpasına başlanılması. Xüsusən də bu fikir: “Azərbaycan öz vəsaiti hesabına bu dəmir yolunu tam işlək və 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan vəziyyətə çatdıra bilər və çatdırmalıdır”.
Ümumiləşdirmə apararaq belə qənaətə gəlmək mümkündür ki, Azərbaycan TRIPP layihəsinin həyata keçirilməsi üçün öz ərazisində zəruri nəqliyyat infrastrukturunun yaradılması, dəmir və avtomobil yollarının tikintisi, Naxçıvan istiqamətində dəmir yolu əlaqəsinin bərpası, eləcə də tranzit məhdudiyyətlərinin aradan qaldırılması istiqamətində üzərinə düşən vəzifələri ardıcıl şəkildə yerinə yetirir. Bu, həm də rəsmi Bakının 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Zirvəsi çərçivəsində əldə olunmuş razılaşmalara sadiqliyidir. Söhbət həm də, belə demək mümkünsə, operativ sadiqlikdən gedir.
Deməli, hazırda Ermənistan ərazisindəki işlərin başlanması və layihənin komponentlərinin razılaşdırılması qarşı tərəfin üzərinə düşən vəzifələrdir. Əlbəttə, demək istəmirik ki, rəsmi İrəvan razılaşmalara əməl etmək istəmir, yaxud onları yubadır. Sadəcə, ortada xeyli lənglik var. Hərçənd, pozitivə köklənmək üçün bildirək ki, bu il iyunun 4-də ABŞ-la Ermənistan arasında TRIPP layihəsi üzrə Strateji əməkdaşlıq haqqında Çərçivə Sazişi imzalanıb. Sazişin imzalanma prosesi iki mərhələdə həyata keçirilib. Mayın 26-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio sazişin mətnini ilkin olaraq paraflayıblar. İyulun 1-də M. Rubio sənədi Vaşinqtonda, iyunun 4-də isə A. Mirzoyan İrəvanda imzalayıb. Bununla sazişin imzalanması prosesi başa çatıb. Yeri gəlmişkən, ABŞ və Ermənistan TRIPP layihəsinin həyata keçirilməsi üzrə çərçivəni hələ yanvarın 13-də açıqlamışdı. Ancaq bu sənəd hüquqi öhdəlik yaratmırdı. İyunun 4-də ərsəyə gəlmiş Strateji əməkdaşlıq haqqında Çərçivə Sazişi isə belə bir öhdəliyi yaradır və Ermənistan hökuməti onun ratifikasiyası prosesinə iyulun 16-da start verib. O da məlumdur ki, ölkə parlamenti oktyabrın 28-də sənədi 63 deputat lehinə, 32 deputat əleyhinə olmaqla qəbul edib.
Bundan əvvəl, yəni sentyabrın 16-da Ermənistan Konstitusiya Məhkəməsi sazişin əsas qanuna uyğunluğu barədə qərar vermiş, sonra – noyabrın 11-də isə ölkə Prezidenti Vaaqn Xaçaturyan ratifikasiya haqqında qanunu imzalamışdı. Deməli, indi qalır işləri planlaşdırmaq və onların icrasını reallaşdırmaq. Özü də tez bir zamanda və vaxt itirmədən. Azərbaycanın gözlədiyi budur.
Azərbaycanın gözlədiyi, eyni zamanda, Ermənistanın yeni Konstitusiyasının açıqlanmış layihə mətninin tezliklə referendum yolu ilə qəbuludur. Hərçənd, prosesin bir o qədər operativ reallaşacağına inamımız yoxdur. Hər halda deməliyik ki, Ermənistanın yeni əsas qanunu kimi, TRIPP üzrə öhdəliklərin yerinə yetirilməsi də Cənubi Qafqazda çoxdan gözlənilən sülh mühitinin mühüm komponentləridir. Birincisi siyasi-mənəvi, ikincisi isə iqtisadi komponentdir və onların hər ikisi regionun qapılarının dünyaya açılması, sabitlik və asayiş mühitinin davamlılığı, ən əsası, inkişaf və tərəqqi üçün son dərəcə vacibdir. İnanırıq ki, bütün bunlar Ermənistan hakimiyyəti kimi, hay cəmiyyəti tərəfindən də yetərincə ciddi dərk ediləcək.
Ə.RÜSTƏMOV