TRİPP ə alternativ “Putin yolu”: Rusiya nəyə çalışır?

29.09.2026

Icma.az, Bakupost saytına istinadən bildirir.


İrəvan Dövlət Universitetinin Rusiya Araşdırmaları Mərkəzinin direktoru Aram Səfəryan bildirib ki, Rusiya Milli Rabitə İnkişafı Tədqiqat İnstitutunun direktoru, iqtisad elmləri doktoru və professor Vladislav Qasumyanov tərəfindən təşəbbüs irəli sürülüb.

“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, Səfəryan bu təşəbbüsün "Putin Yolu" adlandırıldığını deyib.

Təklif olunan konsepsiyada Rusiya, Gürcüstan və Ermənistan arasında Qara dəniz sahili boyunca dəmir yolu və ehtimal ki, avtomobil yollarının bərpası nəzərdə tutulur.

Bundan əlavə, ideyaya görə, nəqliyyat marşrutu Naxçıvana, Culfaya və daha sonra İran vasitəsilə Tehrana uzadıla bilər.

Səfəryan iddia edib ki, Qasumyanovun konsepsiyasında "Putin Yolu" regionda mövcud və ya təklif olunan digər nəqliyyat təşəbbüsləri ilə rəqabət aparmalı olan bir layihə kimi nəzərdən keçirilmir.

O bildirib ki, təşəbbüsün Cənubi Qafqaz üçün vahid nəqliyyat və logistika sisteminə mümkün daxil edilməsi nəzərdən keçirilir.

Görəsən, Moskvanın Cənubi Qafqazla bağlı “Putin yolu” təşəbbüsü nə məqsəd daşıyır?

ReAL Partiyasının sədri Natiq Cəfərli “Bakupost”a bildirib ki, bu məsələ zaman-zaman Rusiya mətbuatında gündəmə gətirilir. Amma müsahibimiz onun reallaşması yolunda iqtisadi və siyasi maneələrin mövcud olduğunu da dilə gətirdi:


“Həmin layihənin baş tutması üçün Rusiyanın Abxaziyadan keçən dəmir yolu Gürcüstanla birləşməlidir. Abxaziya isə hazırda faktiki olaraq Rusiya tərəfindən işğal altındadır. Rəsmi Tiflisin işğal altındakı bölgədən dəmir yolu və nəqliyyat dəhlizlərinin keçirilməsinə razı olacaağını isə düşünmürəm. Çünki bu zaman ciddi problemlər yaşana bilər. Onda Rusiya Abxaziyanı Gürcüstana güzəştə getməli, bu separatçı rejimi tanımaqdan imtina etməlidir. Rusiyanın da belə bir addıma gedəcəyinə inanmaq çətindir. Çünki belədə Moskva Abxaziya və Cənubi Osetiya məsələsində ciddi güzəştlərə getməlidir. Digər tərəfdən, indiyə qədər Rusiya ilə Gürcüstan arasında rəsmi diplomatik münasibətlər yoxdur”.

Ekspertin sözlərinə görə, bütün bunlara baxmayaraq, zaman-zaman Rusiya belə layihələri gündəmə atmaqla, “Tramp layihəsi”nə alternativlərin yaranması və cəlbedici hansısa digər layihələrin olmasına çalışır:

“Bu gözlənilən idi. Moskva birbaşa Trampa irad bildirə bilmir. Çünki Putin Trampdan çox asılıdır. Kreml onunla münasibətlərin yaxşılaşması və sanksiyaların aradan qaldırılmasına çalışır. Ona görə də TRİPP yoluna birbaşa etiraz edə bilmirlər. Amma bu tip layihələrlə müəyyən dərəcədə yenidən Cənubi Qafqazda rol almağa çalışır”.

Rüfət Sultan,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью