TRIPP layihəsi sülh sazişi olmadan MÜMKÜN DEYİL!

29.10.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın TRIPP layihəsinin yekun sülh sazişindən əvvəl işə düşə biləcəyi ilə bağlı açıqlaması regional sülh prosesi ətrafında müzakirələri yenidən gündəmə gətirib.

Bəs Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalanmadan TRIPP layihəsinin reallaşması hansı şərtlər daxilində mümkündür?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Paşinyan hökuməti hazırda regional sülh prosesi ətrafında genişmiqyaslı manipulyasiyalarla məşğuldur.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan vaxtaşırı sülh sazişinin imzalanması ilə bağlı müxtəlif tarixlər səsləndirir. Bu isə rəsmi İrəvanın yekun sülh sazişinin imzalanmasını mümkün qədər uzatmağa çalışdığı qənaətini yaradır.

Ekspert hesab edir ki, TRIPP layihəsi ilə sülh sazişini bir-birindən ayrı proseslər kimi təqdim etmək düzgün deyil. Çünki layihə yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə region, eləcə də Avropa və Asiya ölkələri üçün mühüm əhəmiyyət daşıyır:

“Belə bir layihənin normal fəaliyyəti yalnız o halda mümkün ola bilər ki, Cənubi Qafqazda sülhə və sabitliyə hər hansı təhdid mövcud olmasın”.

Elçin Xalidbəylinin fikrincə, regional sülhün təmin edilməsi üçün ilk növbədə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması vacibdir. Dediyinə görə, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə tərəflər arasında mətni razılaşdırılmış sülh sazişi paraflanıb və sənəd imzalanmağa hazırdır.

Politoloq qeyd edib ki, yekun sülh sazişinin imzalanması üçün Ermənistan Azərbaycanın irəli sürdüyü prinsipial şərti yerinə yetirməlidir. Söhbət Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılmasından və bunun üçün referendum yolu ilə konstitusiya islahatının aparılmasından gedir.

Onun qənaətinə görə, rəsmi İrəvan bu addımı atmaqdan çəkinir. Buna səbəb ölkədaxili reaksiyalarla bağlı narahatlıqlar, eləcə də Rusiya və Avropadakı bəzi dairələrin mövqeyi ola bilər. Ermənistan gələcəkdə regional vəziyyətin öz xeyrinə dəyişəcəyinə ümid edərək yekun sülh sazişinin imzalanmasını arxa plana keçirməyə çalışır.

Elçin Xalidbəyli: Rəsmi İrəvan bu addımı atmaqdan çəkinir

Müsahibimiz vurğulayıb ki, bu yanaşma Ermənistan üçün ciddi risklər yarada bilər. Onun sözlərinə görə, rəsmi İrəvan TRIPP layihəsinin sülh sazişindən əvvəl işə düşə biləcəyini düşünsə belə, layihənin tam təhlükəsiz və dayanıqlı fəaliyyəti üçün Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması qaçılmazdır.

Siyasi şərhçi, həmçinin Ermənistan ərazisində TRIPP layihəsinin reallaşdırılması istiqamətində hələlik tikinti işlərinə başlanmadığını diqqətə çatdırıb. O əlavə edib ki, dəmir yolları şəbəkəsinə nəzarət məsələsi Ermənistanla Rusiya arasında ciddi ziddiyyətlər yaradır.

Ekspertin sözlərinə görə, rəsmi İrəvanın regional proseslər ətrafında apardığı manipulyasiyaların ölkəyə fayda gətirəcəyini düşünmək yanlış yanaşmadır.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью