Moderator.az saytına istinadən Icma.az xəbər verir.
TRIPP nəqliyyat layihəsində Rusiyaya pay verilə biləcəyi ilə bağlı ehtimallar müzakirə olunur. “Sputnik Ermənistan”ın məlumatında bu ehtimal İranın regional mövqeyi və Ermənistanın xarici siyasətində müşahidə olunan dəyişikliklərlə əlaqələndirilir.
Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın layihəyə dəvət almadığını, lakin regional infrastruktur layihələrində iştirak etməyə hazır olduğunu bildirib.
Bəs, Rusiyanın layihədə mümkün iştirakı ABŞ-la Ermənistan arasında əldə olunmuş razılaşmanın şərtlərinə və Cənubi Qafqazda nəqliyyat marşrutlarına nəzarət məsələsinə necə təsir edə bilər?
Bu ehtimal Azərbaycanın Naxçıvanla maneəsiz nəqliyyat bağlantısının təmin olunması baxımından hansı nəticələr doğura bilər?
Mövzu ilə bağlı Moderator.az-a politoloq Amid Əliyev açıqlama verib.
Politoloq bildirib ki, Ermənistanın TRIPP layihəsində Rusiyaya pay verə biləcəyi ilə bağlı ehtimallar, ilk növbədə, Cənubi Qafqazda geosiyasi rəqabətin və nəqliyyat marşrutlarına nəzarət uğrunda mübarizənin yeni mərhələyə keçdiyini göstərir:
"Bu məsələni yalnız iqtisadi əməkdaşlıq və ya infrastruktur layihəsi çərçivəsində qiymətləndirmək düzgün olmazdı. Çünki TRIPP ABŞ-ın regionda strateji mövqelərini gücləndirmək, Ermənistanın tranzit imkanlarını genişləndirmək və Mərkəzi Asiyanı Qərb bazarları ilə birləşdirən alternativ nəqliyyat əlaqələrini inkişaf etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Rusiya isə Cənubi Qafqazda ənənəvi təsir imkanlarını qorumağa və yeni formalaşan nəqliyyat arxitekturasından kənarda qalmamağa çalışır. İlk növbədə qeyd etmək lazımdır ki, Rusiyanın TRIPP layihəsində iştirakı ilə bağlı ehtimallar hələlik rəsmi razılaşma kimi təqdim edilməməlidir.
Belə bir addımın atılması ABŞ-la Ermənistan arasında əldə edilmiş razılaşmanın şərtlərinə və layihənin ilkin idarəetmə modelinə təsir göstərə bilər. Burada əsas məsələ Rusiyanın layihədə formal olaraq pay sahibi olması deyil, onun hansı hüquqi statusla iştirak edəcəyi, idarəetmə və təhlükəsizlik mexanizmlərində hansı səlahiyyətlər əldə edəcəyi və tranzit proseslərinə nə dərəcədə təsir göstərə biləcəyidir.
Əgər Rusiyaya yalnız kommersiya və ya texniki iştirak imkanları verilərsə, bu, layihənin fəaliyyətinə mütləq şəkildə mane olmayacaq. Lakin Moskva marşrutun idarə edilməsində, sərhəd prosedurlarında və tranzit qərarlarında həlledici mövqe əldə edərsə, bu, ABŞ-ın layihə vasitəsilə yaratmaq istədiyi yeni regional əməkdaşlıq modelinin dəyişməsinə səbəb ola bilər.
Ermənistan baxımından belə bir seçim müəyyən mənada çoxvektorlu siyasət yürütmək cəhdi kimi qiymətləndirilə bilər. İrəvan bir tərəfdən ABŞ və Qərblə iqtisadi-siyasi əməkdaşlığını dərinləşdirmək, digər tərəfdən isə Rusiya ilə münasibətlərdə mövcud əlaqələri tamamilə itirməmək istəyir".
Amid Əliyev vurğulayıb ki, bununla belə, iki rəqib güc mərkəzinin maraqlarını eyni layihə çərçivəsində uzlaşdırmaq Ermənistan üçün ciddi siyasi və hüquqi çətinliklər yarada bilər:
"Xüsusilə də Rusiyanın iştirakı mövcud razılaşmanın mülkiyyət, idarəetmə və təhlükəsizlik şərtlərinin dəyişdirilməsini tələb edərsə, ABŞ-la əlavə danışıqların aparılması zərurəti yarana bilər. Buna görə də Rusiyaya pay verilməsi ehtimalını avtomatik olaraq razılaşmanın pozulması kimi qiymətləndirmək doğru deyil, lakin bu addımın layihənin ilkin strateji məqsədlərinə uyğunluğu ciddi suallar doğura bilər.
Azərbaycan üçün isə məsələnin ən mühüm tərəfi ölkənin əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz və etibarlı nəqliyyat bağlantısının təmin edilməsidir. Bakının marağı yalnız yeni yolun və ya dəmir yolu xəttinin çəkilməsi ilə məhdudlaşmır. Əsas məqsəd tranzitin davamlılığının, təhlükəsizliyinin və proqnozlaşdırıla bilən qaydalar əsasında həyata keçirilməsinin təmin olunmasıdır.
Rusiyanın mümkün iştirakı bu baxımdan həm müəyyən imkanlar, həm də risklər yarada bilər. Moskva regional dəmir yolu şəbəkələrinin əlaqələndirilməsinə və logistika imkanlarının genişləndirilməsinə töhfə verərsə, bu, iqtisadi baxımdan faydalı ola bilər.
Ancaq Rusiyanın marşrut üzərində əlavə siyasi və ya inzibati təsir imkanları qazanması tranzitin gələcəkdə geosiyasi təzyiq alətinə çevrilməsi riskini də artıra bilər. Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycanın Naxçıvanla bağlantısının təmin edilməsi Ermənistanın suverenliyi ilə ziddiyyət təşkil etməli deyil.
Ermənistanın öz ərazisində gömrük, sərhəd və hüquq-mühafizə səlahiyyətlərini saxlaması ilə Azərbaycanın maneəsiz tranzit imkanlarının təmin olunması hüquqi və texniki mexanizmlər vasitəsilə uzlaşdırıla bilər.
Bunun üçün sərhəd prosedurlarının sadələşdirilməsi, tranzit qaydalarının əvvəlcədən müəyyənləşdirilməsi, nəqliyyat vasitələrinin hərəkətinə süni maneələrin yaradılmaması və tərəflərin öhdəliklərinə əməl etməsinə imkan verən şəffaf mexanizmlərin qurulması vacibdir.
Əsas məsələ hansı dövlətin layihədə iştirak etməsindən daha çox, heç bir tərəfin tranzit imkanlarını birtərəfli qaydada məhdudlaşdırmaq səlahiyyəti əldə etməməsidir.
Ümumilikdə, TRIPP ətrafında müzakirələr Cənubi Qafqazda nəqliyyat infrastrukturlarının artıq yalnız iqtisadi deyil, həm də strateji və siyasi əhəmiyyət daşıdığını göstərir.
ABŞ regionda alternativ bağlantıları inkişaf etdirməyə, Rusiya ənənəvi təsir imkanlarını qorumağa, Ermənistan isə bu rəqabət şəraitində öz manevr imkanlarını genişləndirməyə çalışır. Azərbaycan üçün isə əsas prioritet regional rəqabətin nəticəsindən asılı olmayaraq, Naxçıvanla etibarlı və maneəsiz bağlantının təmin edilməsidir.
Buna görə də Azərbaycanın əsas diqqəti layihədə iştirakçıların sayına deyil, maneəsiz tranzitin hüquqi təminatlarına, marşrutun davamlı fəaliyyətinə və regional nəqliyyat əlaqələrinin heç bir dövlətin siyasi təzyiq alətinə çevrilməməsinə yönəlməlidir".
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor