Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP marşrutu ilə silah, sursat və təhlükəli kimyəvi maddələrin daşınmayacağını bəyan edib. O, bu məsələdə Azərbaycanla da anlaşmanın olduğunu bildirib. Açıqlama marşrutdan istifadə qaydaları və daşınacaq yüklərə nəzarət mexanizmləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu bildirib ki, TRIPP marşrutundan heç bir ölkə hərbi yüklərin daşınması üçün istifadə edə bilməyəcək:
“TRIPP beynəlxalq dəhlizdir və beynəlxalq dəhlizlərdə vahid keçid qaydaları müəyyənləşdirilir. Ona görə də bütün iştirakçı ölkələrə eyni qaydalar tətbiq olunur. Şübhəsiz ki, Zəngəzur dəhlizi iqtisadi marşrut kimi nəzərdə tutulduğundan, hərbi yüklərin daşınması ilə bağlı heç bir ölkəyə ayrıca status tanınmayacaq”.
Deputat qeyd edib ki, Ararat Mirzoyanın açıqlamasından daha vacib məsələlər mövcuddur:
“Çünki daha aktual məsələlər var. Əvvəla, TRIPP marşrutunu işə salmaq lazımdır ki, sonradan hansı yüklərin daşınıb-daşınmaması məsələsi aydınlaşdırılsın. Ararat Mirzoyanın bu cür açıqlamaları marşrutun açılması məsələsindən diqqəti yayındırmağa və açıqlamalar verməklə Ermənistanı məsuliyyətdən qurtarmağa yönəlib. Belə davam edəcəksə, TRIPP marşrutu açılmaya bilər. TRIPP marşrutunun hər iki tərəfi – həm Səlamməlikdən, həm də Ağbənddən Azərbaycanın əlindədir. Yaxşı olar ki, Ararat Mirzoyan layihənin icrasına nə zaman başlanacağından danışsın”.