TRIPP şirkətində ABŞ nin payı 74, Ermənistanın isə 26 faiz olacaq

26.11.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistan hökuməti TRIPP layihəsinin icrası üçün yaradılacaq şirkətin səhmdarları arasında bağlanacaq sazişi təsdiqləyib. Sənədi imzalamaq səlahiyyəti Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinə verilib.

Modern.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında sazişin mətninin razılaşdırıldığını və sənədin bir həftə ərzində imzalanacağını bildirib.

“Saziş imzalandıqdan sonra şirkət Ermənistanda qeydiyyata alınacaq və işə başlaya biləcək. Biz artıq bu həftənin bazar ertəsi layihənin icrası üçün hazırlıq işlərinə başlamışıq. Dəmir yolu hissəsində ərazi təmizlənir və tikinti meydançası hazırlanır. Paralel olaraq avtomobil yolu, dəmir yolu və elektrik ötürücü xətləri layihələndirilir. Şirkət tam formalaşdıqdan sonra işləri ona təhvil verəcəyik ki, vaxt itirmədən qaldığımız yerdən davam etsin”, – Paşinyan deyib.

Baş nazir TRIPP-i miqyasına və maliyyə həcminə görə Ermənistanın müstəqillik dövrünün ən böyük iqtisadi layihəsi hesab etdiyini bildirib.

Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristine Qaleçyanın sözlərinə görə, qapalı səhmdar cəmiyyəti kimi yaradılacaq şirkətdə ABŞ-nin payı 74 faiz, Ermənistanın payı isə 26 faiz olacaq. ABŞ-nin payını ölkənin Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasına (DFC) məxsus törəmə şirkət idarə edəcək. Beş nəfərlik direktorlar şurasının üç üzvünü ABŞ, iki üzvünü Ermənistan təyin edəcək.

Sazişdə 16 qrup məsələ üzrə hər iki tərəfin razılığı tələb olunur. İnvestorların seçilməsi, üçüncü tərəflərin layihəyə qoşulması, konsessiya müqavilələrinin şərtləri və şirkətin əsas maliyyə qərarları bu məsələlər sırasındadır. Konsessiya hüququnu vermək səlahiyyəti Ermənistan hökumətində qalacaq.

Səhmdarlar sazişi Ermənistanla ABŞ arasında 2026-cı il iyunun 4-də imzalanmış çərçivə sazişinin icrası üçün hazırlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью