TRIPP Tehranın “qırmızı xətt”inə çevrildi: İran nə edə bilər?

25.11.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran regionda iqtisadi əlaqələrin açılmasını dəstəkləsə də, sərhədləri yaxınlığında hər hansı xarici hərbi və ya təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi İran üçün qəbuledilməzdir. İranın Ali Rəhbərinin müşaviri Məhəmməd Müxbir layihənin icrasına başlanılmasına sərt reaksiya verərək, regiondakı geosiyasi maraqların Tehran üçün "qırmızı xətt" olduğunu və real dəhlizlərin "saxta marşrutlarla" əvəz edilməsinə imkan verməyəcəklərini bəyan edib.

TehranınTRIPP-ə bu qədər sərt reaksiya verməsinin səbəbi nədir? Tehranın "qırmızı xətt" mesajı diplomatik xəbərdarlıqdır, yoxsa İran praktiki addımlar ata bilər?

Bakıvaxtı.az-ın bu suallarını cavablandıran politoloq İlqar Vəlizadə bildirib ki, İran rəsmiləri ara-sıra belə bəyanatlarla çıxış edirlər və bu, təəccüblü deyil. Sadəcə forma etibarilə dəyişiklik var:

"Əvvəllər Azərbaycanla bağlı səsləndirilən bəyanatlarda əsas hədəf rəsmi Bakı olurdu. İndi isə İran rəhbərliyi hədəf kimi Ermənistan rəhbərliyini və ABŞ-ni seçir. İran deyir ki, sözügedən razılaşma baş versə, İran müvafiq tədbirlər görə bilər və müqayisəni Hörmüz boğazı və Bab-əl-Məndəb boğazı ilə aparır. Yəni, Hörmüz, Bab-əl-Məndəb, həm də TRIPP məsələsində yanaşma eynidir. Yanaşmanın səbəbi odur ki, bu addımlar Amerikanın regiondakı mövcudluğunu şübhə altına alır".

İlqar Vəlizadə: İran üçün bütün qonşuların onun əleyhinə çıxış etməsi nə dərəcədə məqbuldur?!

Politoloq hesab edir ki, TRIPP də Hörmüz kimi bir layihə və coğrafi obyekt olaraq qiymətləndirilir və burada da hədəf Amerikanın maraqlarıdır. Ermənistan hakimiyyəti isə sanki kənardadır.

"Bütün hallarda İran tərəfi başa düşməlidir ki, layihəyə konkret təhdid olsa, təkcə Amerikanın deyil, Ermənistanın maraqları da zərbə altına düşəcək. Maraqlı tərəf kimi Azərbaycan və Türkiyə də çıxış edirlər. Belə halda region ölkələri birgə addımlar atmaq məcburiyyətində qalacaqlar. Burada yeni siyasi vəziyyət yaranır” - deyə politoloq vurğulayıb.

Müsahibimizin fikrincə, hədə-qorxuların reallaşdırılması İranı blokada vəziyyətinə sala bilər. Çünki şimal və şimal-qərb qonşularla rabitələr kəsilə bilər. Eyni zamanda Körfəz ölkələri ilə münasibətlər də kifayət qədər gərgindir:

"İran hökuməti nümayəndələri dəfələrlə layihənin reallaşdırılmasında özləri üçün təhdid görmədiklərini bildiriblər. Burada sual yaranır: hökumətin mövqeyi rəsmi sayılır, yoxsa Ali Rəhbərin nümayəndələrinin sosial şəbəkə hesablarında yazdıqları fikirlər? Bu təzadlarla İran tərəfi özü bacarmalı və vahid mövqe sərgiləməlidir".

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью