TRIPP və Bakı İrəvan sülhü

23.10.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nikol Paşinyan mətləbdən yayınır, yoxsa...

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanması üçün yeni vaxt çərçivəsini açıqlayıb. O bildirib ki, tarixi sənədin 2027–2028-ci illərdə ərsəyə gəlməsi mümkündür. Əlbəttə, Nikolun bu şəkildə fikir bildirməsi əminlik sayıla bilməz. Müsbət məqam odur ki, rəsmi İrəvan sülh gündəliyinə sadiqliyini ifadə edir və erməni cəmiyyətinə də mövcud xüsusda mesaj verir. Amma...

“Əmma” yox, “əmmalar” barədə sonra söz açacağıq. Hələlik onu bildirək ki, N.Paşinyan oktyabrın 22-də keçirdiyi brifinqdə sülh sazişinin imzalanması istiqamətində danışıqlar prosesinin hazırkı vəziyyətindən danışarkən konkret olaraq belə deyib: “Əgər müddətləri dəqiqləşdirmək lazımdırsa, düşünürəm ki, biz sülh sazişini 2027–2028-ci illərdə imzalamalıyıq. Bu il, yəqin ki, çatdırmayacağıq”. 

N.Paşinyan, həmçinin Azərbaycanla sülh müqaviləsinin imzalanması baxımından daha əvvəl səsləndirdiyi 2031-ci il tarixinin sazişlə bağlı olmadığını açıqlayıb. Onun sözlərinə görə, 2031-ci il 2026-cı il seçkilərindən sonra formalaşmış parlament və hökumətin beşillik mandatının başa çatması ilə əlaqədardır. Bu aydınlatmadan belə qənaətə gəlmək mümkündür ki, Nikol barış müqaviləsinin reallaşmasını rəhbərlik etdiyi hökumətin 2031-ci ilədək qarşısında duran mühüm vəzifələrdən biri olduğunu vurğulayır.

Ermənistanın Baş naziri, eyni zamanda, qarşıdakı mərhələdə Azərbaycanla sülh sazişinə gerçəkləşməsinə yönələn işin fasiləsiz davam etdirilməsinin vacibliyindən söz açıb. Anonsunu verdiyimiz ilk “əmma” isə Nikolun növbəti fikirlərindədir. Deməli, Paşinyan deyib ki, Azərbaycanla sülh prosesi və ABŞ-nin təşəbbüsü olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp yolu” və ya “Tramp marşrutu”, yaxud qısaca TRIPP arasında bağlılıq yoxdur, proseslər bir-birindən ayrıdır. 

Əlbəttə, Nikolun bu sayaq dəyərləndirməsi düzgün sayıla bilməz. Birincisi, TRIPP Azərbaycan və Ermənistan liderləri arasında 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış Birgə Bəyannamədən qaynaqlanır. Nəzərə alaq ki, sənəddə “Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik” müddəası yer alıb. 

İkincisi, bilavasitə “Beynəlxalq Sülh və Rifah naminə Tramp yolu” üzərində dayanaq. O yol ki, adında da “sülh” sözü var, məramı da barışla bağlıdır. Yəni, sülh anlaşması olmasa, TRIPP yoxdur. TRIPP olmayacaqsa, nələr həyata keçməyəcək, bunlar barədə də çox söz açıldığından, yenidən mövzuya qayıtmaq niyyətində deyilik. 

Daha bir məqama diqqət yetirək. N.Paşinyan elə danışır ki, sanki Azərbaycanla sülh gündəliyindən tamamilə fərqli trayektoriyaya malik TRIPP bilavasitə ABŞ-nin təşəbbüsüdür. Belə təqdimat layihənin əsl mahiyyətini sıradan çıxarır və onu birbaşa Birləşmiş Ştatların, belə demək mümkünsə, egidasına daxil edir. Əlbəttə, yanaşma yolverilməzdir. Həm də ona görə yolverilməzdir ki, TRIPP-in reallaşması baxımından başlıca aktor Azərbaycandır. Fikrimizi əsaslandırmaq üçün isə yenə Birgə Bəyannamənin üzərində dayanaq. 

Diqqət yetirək, sözügedən sənədin 3-cü bəndində regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə, yəni Azərbaycanla Ermənistan arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyəti təsdiqlənir, həmçinin regional kommunikasiyaların açılmasının önəmi vurğulanır və bildirilir ki, bu səylər Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir. 

Söhbətin bilavasitə TRIPP-dən getdiyi 4-cü bənddə isə bağlantı layihəsi üçün çərçivənin müəyyənləşdirilməsi məramı və bu baxımdan Ermənistanın ABŞ və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəyi yazılır. Nəzərə alaq ki, Ermənistanın TRIPP xüsusunda ABŞ və hansısa başqa dövlət və ya şirkət ilə əməkdaşlığı layihəni İrəvanın və Vaşinqtonun müştərək işi halına gətirmir. Əgər belə olsaydı, məsələ Azərbaycanla imzalanmış Birgə Bəyannamədə deyil, ABŞ-Ermənistan əməkdaşlığına dair başqa hansısa sənəddə əksini tapardı. 

Onu da nəzərə alaq ki, ümumən Birgə Bəyannamənin mahiyyətində sülh dayanır. Sənəd, bir növ çıxış nöqtəsidir və ona kompleks yanaşılmalı, hansısa komponent ayrı tutulmamalıdır. Məsələn, aydındır ki, Naxçıvana maneəsiz yol olmadan TRIPP-dən danışmağa dəyməz. Yaxud Azərbaycanın 44 günlük müharibədən sonra üzərində dayandığı Naxçıvana maneəsiz yol məntiqi böyük dəyərini məhz Birgə Bəyannamədə tapır. 

Hər halda, Ermənistan istəməz ki, Azərbaycan Naxçıvana maneəsiz yol məqsədinə çatmaq yolunu 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatına istinadən axtarsın. Halbuki, axtara bilər, çünki həmin sənəddə də Paşinyanın imzası var. Eynilə Birgə Bəyannamədə olduğu kimi. Deməli, imzalanmış sənədlərə, götürülən öhdəliklərə məsuliyyətlə yanaşmaq lazımdır, söz oyununa üstünlük verərək mətləbi yayındırmaq yox. Mətləbi yayındırmaq nə deməkdir, bu barədə sonda... 

Paşinyan onu da bildirib ki, kimlərsə onun fikirlərini sülh sazişinə diqqət yetirmək, TRIPP layihəsi gözlətmək kimi şərh etməməlidir. Çünki İrəvan layihənin icrasına artıq başlayıb. Layihənin icrasına başlamaqdan söz düşmüşkən, Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sözlərinə görə, oktyabrın 22-dən etibarən TRIPP çərçivəsində nəzərdə tutulan dəmir yolu, avtomobil yolu və elektrikötürücü xətlərin layihələndirilməsinə start verilib və bu işlər Ermənistan-ABŞ birgə inkişaf şirkətinin rəsmi təsisini gözləmədən reallaşdırılacaq. Halbuki, indiyədək ilk növbədə sözügedən təsisin gerçəkləşməsinin zəruriliyi ön plana çəkilirdi... 

Paşinyan isə TRIPP-lə əlaqədar layihələndirmə mərhələsindən tikinti mərhələsinə keçilənədək Ermənistan-Amerika müştərək şirkətinin artıq yaradılacağına əminliyini bildirib. Haşiyə çıxaq ki, Ermənistan hökuməti TRIPP-in ölkənin cənubundakı Sünik vilayəti ərazisində həyata keçirilməsini regional nəqliyyat bağlantılarının mühüm istiqamətlərindən biri kimi təqdim edib. N.Paşinyan bu il sentyabrın 24-də BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında da layihənin reallaşdırılması üçün ABŞ və müəyyənləşdirilmiş üçüncü tərəflərlə əməkdaşlığın davam etdiriləcəyini demişdi. Həmin çıxışında o, həmçinin, ölkəsinin TRIPP inkişaf şirkətində ilkin olaraq 26 faiz, ABŞ-ın isə 74 faiz paya malik olmasının nəzərdə tutulduğunu da açıqlamışdı.

Ümumiləşdirmə apararaq deyək ki, rəsmi İrəvan bir tərəfdən Azərbaycanla sülh sazişinin imzalanmasını 2027–2028-ci illərə aid edir, digər tərəfdən TRIPP layihəsinin icrasını yekun sülh sazişinin imzalanmasını gözləmədən sürətləndirməyə çalışır. Şübhəsiz, mövcud yanaşma Ermənistanın siyasi-hüquqi normallaşma prosesi ilə regional nəqliyyat və infrastruktur gündəliyini paralel şəkildə irəlilətmək niyyətini göstərə də bilər. Amma...

Bu yerdə ikinci “əmma”ya aydınlıq gətirək. Sonda barəsində söz açacağımızı bildirdiyimiz mətləbdən yayınmaq da elə onunla bağlıdır. Məsələ ondadır ki, TRIPP-in reallaşdırılması istiqamətində işlərin intensivləşdirildiyini vurğulayan, eyni zamanda, 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanmasını mümkünlüyünü qabardıb, müəyyən mənada, əminlik toxumları səpən Paşinyan həmin sazişin ərsəyə gəlməsi üçün Bakının irəli sürdüyü tək şərti “unudur”. Söhbət Ermənistan konstitusiyasına dəyişiklik və ya ölkənin yeni əsas qanununun qəbulundan gedir. O əsas qanun ki, orada işğalçı mahiyyətli İstiqlaliyyət Bəyannaməsinə istinad olmasın. 

Məlumdur ki, yeni konstitusiya, yaxud konstitisiyaya dəyişiklik referendum yolu ilə gerçəkləşməlidir. Ermənistan hakimiyyətinin isə hazırda bunu reallaşdırmaq üçün siyasi potensialı yoxdur. Çünki Nikolun tərəfdarlarının sayı ölkə parlamentində referendum qərarı çıxarmaq baxımından yetərsizdir. Əlbəttə, Ermənistan iqtidarı problemi hansı formada həll edəcək, bunun prinsip etibarilə Azərbaycana aidiyyatı yoxdur. Ancaq Paşinyan sülh üçün mühüm şərt qala-qala referendumdan yox, barış sazişinin imzalanması müddətindən danışırsa, məsələ bizlikdir. Bizlik olduğu üçün də Nikolun fikirlərində mətləbdən yayınmaq, beləliklə beynəlxalq ictimai rəyi yanıltmaq niyyətinin olduğu qənaətinə gəlirik. 

Ə.RÜSTƏMOV,

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью