Tualetdə telefondan istifadə bu riski ARTIRIR

19.05.2025

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Bostondakı Beth Israel Deaconess Tibb Mərkəzinin alimləri müəyyən ediblər ki, bağırsaq hərəkətləri zamanı smartfondan istifadə hemoroid(babasil) xəstəliyinin inkişaf riskini artırır. 

News24.az xəbər verir ki, tədqiqatın nəticələri 2025-ci il Həzm Xəstəlikləri Həftəsi (Digestive Diseases Week — DDW) konfransında təqdim olunub.

Tədqiqatda kolonoskopiya keçmiş 125 nəfər iştirak edib. Onların 90%-dən çoxu həftədə ən azı bir dəfə tualetdə telefondan istifadə etdiklərini bildirib. İştirakçıların təxminən 50%-i xəbər lentinə baxdığını, 44%-i sosial şəbəkələrdə gəzdiyini, 30%-i isə mesaj yazdığını deyib.

Araşdırma zamanı 40%-dən çox iştirakçıda həkimlər hemoroid(babasil) diaqnozu qoyublar. Alimlərin hesablamalarına görə, tualetdə telefondan istifadə etmək bu xəstəliyin yaranma ehtimalını 46% artırır.

Tədqiqatçılar vurğulayıblar ki, unitazda uzun müddət oturmaq qan dövranının pozulmasına və düz bağırsaq damarlarının genişlənməsinə səbəb ola bilər. Onların sözlərinə görə, smartfonlar diqqəti yayındıraraq tualetdə qalma müddətini artırır və bu da mənfi təsirləri gücləndirə bilər.

Məryəm İlhamqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью