Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qastroenteroloq Marina Bıçenkova tez-tez diqqətdən kənarda qalan, lakin sağlamlıq üçün ciddi risklər yaradan bir problem — “utancaq bağırsaq sindromu” və ya parkoprez barədə danışıb. Bu vəziyyətdə insan evdən kənarda tualetdən istifadə etməli olduqda güclü stress və fiziki narahatlıq yaşayır. AzPost UfaTime.ru-ya istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, bu hal sağlamlığa uzunmüddətli zərər verə bilər.
Parkoprez sosial təşviş pozuntusunun bir forması hesab olunur. Onun əsas səbəbi tualetdə ola biləcək səslər və ya qoxulara görə mənfi qiymətləndirmə qorxusudur. Nəticədə insan təbii çağırışları uzun müddət saxlayır ki, bu da orqanizmdə normal proseslərin pozulmasına gətirib çıxarır.
Həkimin sözlərinə görə, nəcis ifrazının mütəmadi şəkildə gecikdirilməsi xroniki qəbizliyə səbəb olur. Zamanla bu vəziyyət babasil, düz bağırsaq çatları və hətta nəcis saxlaya bilməmə kimi daha ciddi fəsadlara yol aça bilər.
Problemin öhdəsindən gəlmək üçün mütəxəssis liflə zəngin qidalarla qidalanmağı, tualetdə həddindən artıq gücənməməyə diqqət yetirməyi və orada altı dəqiqədən artıq oturmamağı tövsiyə edir. Əgər vəziyyəti təkbaşına aradan qaldırmaq mümkün deyilsə, psixoloji dəstəyə müraciət etmək məsləhət görülür. Bu halda koqnitiv-davranış və ekspozisiya terapiyası ən effektiv üsullar sayılır.
Marina Bıçenkova xüsusilə uşaqlarla bağlı vacib məqama da diqqət çəkib. Onun sözlərinə görə, uşaqları qonaqlıqda və ya ictimai yerlərdə tualetə getdiyinə görə utandırmaq olmaz, çünki onlarda parkoprez və bunun nəticəsi olaraq xroniki qəbizlik çox tez formalaşa bilər.
Paylaş