Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) mənzil-qərargahını ziyarət edib və Baş katib cənab Ramil Həsənlə görüşüb.
Newscenter.az xəbər verir ki, görüş zamanı tərəflər gələcək ikitərəfli əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Hüseyin Büyükfırat TÜRKPA-nın mövcud imkanlarının parlament diplomatiyasının inkişafına, qanunvericilik orqanları arasında əlaqələrin möhkəmləndirilməsinə, habelə iqtisadi və ticarət münasibətlərinin gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb. O, qardaş ölkələrdə ortaq qərarların və qanunvericilik aktlarının qəbulunda TÜRKPA-nın əhəmiyyətli rol oynayacağına dair böyük ümidlər bəslədiyini qeyd edib.
Öz növbəsində, TÜRKPA-nın Baş katibi Ramil Həsən Hüseyin Büyükfırata ziyarət üçün təşəkkürünü bildirib. O, Türk Dövlətləri arasında bir sıra qardaş qurumların fəaliyyət göstərdiyini, onlardan birinin də Türk Dövlətləri İnvestisiya Fondu olduğunu diqqətə çatdırıb. Baş katib qanunvericilik sahəsində ortaq və model qanunların qəbulu və tətbiqinin, eləcə də parlament siyasətinin TÜRKPA-nın qardaş ölkələr arasında iqtisadi, ticarət və siyasi münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb. Eyni zamanda cənab Ramil Həsən iş dünyası ilə bağlı müxtəlif təşkilatların təşəbbüsü ilə hazırlanacaq iri miqyaslı layihələrin Türk Dövlətləri İnvestisiya Fondu tərəfindən maliyyələşdirilməsi imkanlarına da toxunub.
Görüş zamanı gələcəkdə TÜRKPA ilə Azərbaycanda fəaliyyət göstərən Türkiyə–Azərbaycan İş adamları və Sənayeçilər İctimai Birliyi arasında əlaqələrin daha da gücləndirilməsi və bu istiqamətdə aktiv fəaliyyət göstərilməsi qərara alınıb.
Görüşdə Baş katibin müavini Muhammet Alper Hayali, İctimayyətlə əlaqələr üzrə mütəxəssis Fidan Məcidli və TÜİB-in idarə heyətinin sədrinin köməkçisi Tünzalə Hüseynova iştirak ediblər.
Süleyman