Tükənmişlik sindromu: Sürətli həyat tərzinin FƏSADLARI

12.09.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son dövrlərdə insanların gündəlik həyatında sürətli temp və daim məşğul olmaq adi hala çevrilib.

İşlərin tez həll edilməsinə, nəticələrin dərhal əldə olunmasına yönələn gözləntilər isə bəzən insanlarda səbirsizlik və emosional gərginliyin artmasına səbəb olur.

Eyni zamanda, istirahətə kifayət qədər vaxt ayırmamaq və davamlı şəkildə məşğul olmaq psixoloji sağlamlığa mənfi təsir göstərə bilər. 

İnsanların hər şeyi tez həll etmək və nəticəni dərhal görmək istəyi səbrsizlik və emosional gərginliyi artırırmı?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, insan hər şeyi dərhal əldə etməyə öyrəşdikcə gözləməyə dözümü azalır:

“Nəticəyə fokuslanan insan prosesə səbir göstərmir, gecikməni təhlükə və ya uğursuzluq kimi qəbul edir. Bu isə daxili gərginliyi artırır. İnsan daim “nə vaxt bitəcək?” düşüncəsi ilə yaşayanda yaşadığı anın özündən uzaqlaşır.

Daim tələsən insanın problemi yalnız səbirsizlik deyil. O, emosional olaraq özünü daim təzyiq altında saxlayır. Kiçik gecikmələr belə əsəbilik, narahatlıq və qəzəb yaradır. Nəticədə insan emosiyalarını idarə etməkdə çətinlik çəkir, qərarlarını tələsik verir və böyük məqsədlərin arxasınca qaçarkən gündəlik həyatını təşkil edən kiçik, amma vacib işləri təxirə salır. 

Ən təhlükəlisi isə insanın bu vəziyyəti normal hesab etməsidir. Daim tələsən insan bir müddət sonra gərginliyi həyatının adi vəziyyəti kimi qəbul edir. İnsan özünü yalnız işlədiyi və faydalı olduğu zaman dəyərli hiss etməyə başlayanda istirahət belə ona günah kimi görünür. Bu, sadəcə çox işləmək deyil, insanın özünə qarşı yaratdığı psixoloji təzyiqdir.

İstirahətsiz davam edən həyat tərzi xroniki yorğunluq, emosional tükənmə, diqqət və motivasiya azalması, yuxu problemləri, əsəbilik və narahatlıq yaradır. Uzun müddət davam etdikdə tükənmişliklə nəticələnir”.

Onun sözlərinə görə, ambisiyalı olmaq problem deyil:

“Problem insanın öz resurslarını sonsuz hesab etməsidir. İnsan bədəninin və beyninin verdiyi yorğunluq siqnallarına məhəl qoymadıqda məhsuldarlığını artırmır, əksinə, özünü tükəndirir.

İnsan yalnız işləməyi deyil, dayanmağı da bacarmalıdır. Çünki dayanmağı bacarmayan insan bir gün məcburi şəkildə dayanır”.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью