Tullantıların içərisindən çıxan maraqlı tapıntılar

26.11.2026

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tullantıların arasından təkcə plastik, kağız və metal deyil, bəzən insanların itirdiyi pul, sənədlər, avtomobil nömrələri, hətta müxtəlif dəyərli əşyalar da çıxır. 

Bəs bu əşyalar tapıldıqdan sonra hara gedir, taleləri necə olur? 

"Təmiz Şəhər" ASC-dən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda tullantılar arasından bəzən maraqlı və dəyərli əşyalar, sənədlər, avtomobillərin dövlət qeydiyyat nişanları, metal pullar, eləcə də silah-sursat aşkarlanır.

Aşkarlanan maraqlı və dəyərli əşyalar zavodun inzibati binasında yaradılmış xüsusi guşədə nümayiş etdirilir. Bu guşə məlumatlandırma turu çərçivəsində zavodu ziyarət edənlərə tullantıların arasından çıxan əşyalarla tanış olmaq imkanı yaradır.

Qurumdan qeyd edilib ki, tullantılar arasında aşkarlanan sənədlər və avtomobillərin dövlət qeydiyyat nişanları "Tapqaytar" sosial layihəsi çərçivəsində Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinə tabe olan Tapıntılar Bürosuna təhvil verilir.

Çeşidləmə zamanı maqnit separator vasitəsilə ayrılan metalların arasından toplanan metal pullar isə "Tapılan arzular" sosial layihəsi çərçivəsində aztəminatlı ailələrdən olan və fiziki imkanları məhdud uşaqların ehtiyaclarının qarşılanmasına yönəldilir. Beləliklə, tullantılar arasından çıxan metal pullar uşaqların arzularının reallaşmasına dəstək olur.

Bundan əlavə nəzərə çatdırılıb ki, çeşidləmə prosesində silah-sursat aşkarlandıqda təhlükəsizlik qaydalarına uyğun olaraq aidiyyəti qurumların əməkdaşları çağırılır və tapıntılar onlara təhvil verilir.

Qurum vurğulayıb ki, bu cür nümunələr tullantıların çeşidlənməsinin yalnız ekoloji deyil, həm də sosial baxımdan əhəmiyyətli olduğunu göstərir.

Müəllif: Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью