Tullasan zibildir, toplasan sərvət

06.10.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Hər birimizin və hamımızın təmiz şəhərə töhfəmiz

Şəhərin siması yalnız küçələri, parkları, binaları və yolları ilə müəyyən olunmur. Şəhər mədəniyyəti həm də insanların ətraf mühitə münasibətində, tullantıların düzgün idarə edilməsində və təmizliyə göstərilən məsuliyyətdə özünü göstərir. Təmiz şəhər sağlam həyatın, ekoloji təhlükəsizliyin və gələcək nəsillər üçün əlverişli yaşayış mühitinin əsas şərtlərindən biridir. Şəhər əhalisinin və istehlakın artması tullantıların həcmini də artırır. Buna görə müasir şəhərlərdə tullantıların toplanması ilə yanaşı, onların çeşidlənməsi, təkrar emalı, zərərsizləşdirilməsi və mümkün qədər iqtisadi dövriyyəyə qaytarılması mühüm əhəmiyyət daşıyır.

Bakıda formalaşdırılan müasir tullantı idarəetmə sistemi şəhərin ekoloji təhlükəsizliyinin təmin olunmasına və yaşıl iqtisadiyyatın inkişafına xidmət edir. Bu sistemin formalaşmasında “Təmiz şəhər” ASC-nin fəaliyyəti mühüm yer tutur. Bəs mövcud sistem hansı imkanları yaradır? Tullantıların mənbədə çeşidlənməsi nə dərəcədə əhəmiyyətlidir? Təkrar emalın genişləndirilməsi və tullantılardan enerji əldə edilməsi istiqamətində hansı işlər görülür? Bərk məişət tullantılarının düzgün idarə edilməsində şəhər sakinlərinin üzərinə hansı məsuliyyət düşür?

XQ-nin bu suallarını “Təmiz şəhər” ASC İdarə Heyətinin sədri Etibar Abbasov cavablandırdı:

– Tullantıların düzgün idarə olunması ətraf mühitə və şəhər sakinlərinin həyat keyfiyyətinə necə təsir edir?

– Tullantıların düzgün idarə olunması şəhərlərin dayanıqlı inkişafı, ekoloji təhlükəsizliyi və insanların sağlamlığı baxımından çox önəmlidir. Tullantıların çeşidlənməsi, vaxtında toplanması, daşınması, zərərsizləşdirilməsi və mümkün qədər təkrar emala yönəldilməsi həm ətraf mühitin qorunmasına, həm də sağlam yaşayış mühitinin formalaşmasına birbaşa təsir göstərir. Tullantıların hara gəldi atılması ekoloji gərginlik yaradır. Düzgün idarəetmə sistemi isə bu riskləri minimuma endirir.

Abşeron regionunda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində mühüm addımlardan biri 2006-cı ildə “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006–2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın təsdiq edilməsi oldu. Bakı və Abşeron yarımadasında tullantıların düzgün idarə olunması da bu tədbirlərin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildi. Bu siyasətin davamı olaraq, ölkə başçısı cənab İlham Əliyevin 6 avqust 2008-ci il tarixli Sərəncamı ilə “Təmiz şəhər” ASC təsis edildi.

“Təmiz şəhər” ASC-nin fəaliyyəti Bakı şəhərində tullantıların idarə olunması sisteminin müasir tələblər əsasında qurulmasına şərait yaratdı. Hazırda paytaxtda əmələ gələn bərk məişət tullantıları Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu, Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu və Balaxanı Sənaye Parkında müasir üsullarla idarə olunur. Bakı şəhərində hər il 1 milyon tona qədər bərk məişət tullantısı “Təmiz şəhər” ASC-nin təsərrüfat sahələrinə təhvil verilir.

– Bərk məişət tullantılarının təkrar emal xammalı kimi səmərəli istifadə olunması ilkin çeşidləmədən nə dərəcədə asılıdır?

– Paytaxtda əhalinin artması, yeni yaşayış massivlərinin və obyektlərin istifadəyə verilməsi tullantıların həcminə də təsir göstərir. Hazırda Bakı şəhərinin 10 inzibati rayonunda müəyyən edilmiş tullantı meydançalarında bərk məişət tullantıları iki fərqli rəngdə – yaşıl və narıncı qutularda toplanaraq “Təmiz şəhər” ASC-nin təsərrüfat sahələrinə gətirilir.

Çeşidləmə qutularının qoyulması Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun fəaliyyətinin səmərəliliyini artırıb. Əhalinin çeşidlənmə prosesində aktiv iştirakı və tullantıların mənbədə ayrılmasına marağın artması arzuolunandır. Əsas məqsəd tullantıların yarandığı andan son zərərsizləşdirmə mərhələsinə qədər bütün prosesin səmərəli təşkilidir.

– Tullantı idarəçiliyində yeni yanaşmaların tətbiqi və konteynerlərin daha müasirləri ilə əvəzlənməsi çeşidləmənin səmərəliliyinə nə dərəcədə təsir edə bilər?

– Tullantıların idarə olunması dinamik prosesdir və burada istifadə olunan infrastruktur da zamanın tələblərinə uyğun yenilənir. Müasir konteynerlər tullantıların yığılması ilə yanaşı, sanitariya, estetik görünüş, çeşidləmə və daşınmanın optimallaşdırılması baxımından da əhəmiyyətlidir.

Dünya təcrübəsində rəqəmsal texnologiyalardan və innovativ idarəetmə həllərindən istifadə etməklə konteynerlərin doluluq səviyyəsinin izlənilməsi, marşrutların optimallaşdırılması və tullantıların daha səmərəli toplanması kimi imkanlardan istifadə edilir. Lakin bütün bu fəaliyyətlərin səmərəliliyində əsas amil insanların tullantıları azaltmağa maraqlı olması və onları mənbəyində çeşidləyərək təyinatı üzrə qutulara atmasıdır.

– Bərk məişət tullantılarının təkrar emala daha çox yararlı olması üçün nə kimi fəaliyyətlər həyata keçirilməlidir?

– Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu 2012-ci ildən fəaliyyət göstərir və illik 100 min tona qədər tullantını çeşidləmək gücündədir. Burada tullantıların tərkibindən təkrar emala yararlı fraksiyalar ayrılaraq müvafiq müəssisələrə xammal kimi yönəldilir. Əsas məqsədlərdən biri Bakı şəhərində çeşidləmə və təkrar emal imkanlarının genişləndirilməsidir. Bu istiqamətdə maarifləndirmə tədbirləri və müxtəlif sosial-ekoloji layihələr həyata keçirilir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz şəhər” ASC tərəfindən həyata keçirilən “Təmiz Qala” layihəsi çərçivəsində 2010-cu ildən Qala qəsəbəsində tullantıların mənbədə iki fərqli qutuda çeşidlənməsi həyata keçirilir. Fondun təşəbbüsü və “Təmiz şəhər” ASC-nin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq “Tullantıdan sənətə” sərgisi də tullantılara münasibətin dəyişdirilməsi baxımından mühüm layihələrdəndir. 2012-ci ildən keçirilən sərgidə tullantılardan və lazımsız əşyalardan sənət əsərlərinin hazırlanması təşviq olunur. Bununla yanaşı, “Məktəbli EKOkönüllü”, “Kağız Gətir–Kitab Apar”, “Card to Art”, “Tapılan arzular”, “Atma-Yarat-Sat” və digər sosial-ekoloji layihələr əhalinin tullantıların düzgün idarə olunması ilə bağlı maarifləndirilməsinə xidmət edir.

– Balaxanı Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin tullantıların təkrar emalına və dairəvi iqtisadiyyatın inkişafına konkret töhfəsi nədən ibarətdir?

– Balaxanı Sənaye Parkının əsas fəaliyyəti tullantıların təkrar emala cəlb edilərək yeni məhsullara çevrilməsinə imkan yaratmaqdır. Hazırda burada 29 istiqamət üzrə məhsul istehsal olunur. 28 rezidentin fəaliyyət göstərdiyi Sənaye Parkında sahibkarlar tərəfindən istehsal sahələrinə təxminən 58,5 milyon manat investisiya qoyulub, 1400-dən çox yeni iş yeri yaradılıb. İndiyədək 452 milyon manat dəyərində məhsul istehsal olunub və bunun 35 milyon manatlıq hissəsi ixrac edilib.

2017-ci ildən fəaliyyət göstərən bu təsərrüfat sahəsində tullantılar iqtisadi dəyərə çevrilərək dairəvi iqtisadiyyatın inkişafına töhfə verir. Bu, təbii ehtiyatlardan istifadənin azalmasına, yeni xammal əldə edilməsinə və tullantıların ümumi həcminin azaldılmasına imkan yaradır. Balaxanı Sənaye Parkının rezidentlərinə 10 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən, istehsal məqsədilə idxal edilən texnoloji avadanlıqlara görə isə 10 il müddətinə ƏDV və idxal rüsumundan azadolmaların tətbiqi dövlətin bu sahənin inkişafına göstərdiyi diqqətin nümunəsidir.

– Təkrar emal üçün yararlı olmayan bərk məişət tullantılarını poliqonda basdırılmadan başqa hansı səmərəli üsulla idarə etmək mümkündür?

– Təkrar emal üçün yararlı olmayan bərk məişət tullantılarının səmərəli idarə olunması üsullarından biri termik üsulla zərərsizləşdirilərək ondan elektrik enerjisi alınmasıdır. Bakıda bu məqsədlə Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu fəaliyyət göstərir. Zavod 2006–2010-cu illər üçün Kompleks Tədbirlər Planı çərçivəsində inşa olunub və 2012-ci ildən fəaliyyət göstərir.

Zavodun illik gücü 500 min tondur. Tullantıların yandırılması nəticəsində il ərzində 200 milyon kilovatsaatadək elektrik enerjisi əldə edilir ki, bu həcm 100 min ev təsərrüfatının elektrik enerjisinə olan tələbatını ödəyə bilər. Zavod dördüncü nəsil (4G) texnologiyaları əsasında qurulub və fəaliyyətində Avropanın ətraf mühitin mühafizəsi sahəsində tətbiq etdiyi sərt ekoloji norma və prinsiplər əsas götürülür.

Tullantıların yandırılmasından sonra yaranan məhsulların idarə olunmasına da diqqət yetirilir. Dib külü yol tikintisində tikinti materialı kimi istifadə oluna bilər. Tüstü külü isə xüsusi filtrlər vasitəsilə tutulur və ətraf mühitə yayılmasının qarşısı alınır. Tullantıların yandırılaraq enerjiyə çevrilməsi onların həcminin azaldılmasına və enerji əldə edilməsinə, eyni zamanda, poliqonların istismar müddətinin uzadılmasına xidmət edir. Bu, yeni poliqon sahələrinə tələbatın azalmasına və torpaq sahələrindən daha səmərəli istifadəyə imkan yaradır.

– Mövcud infrastruktur artan tullantı həcminin idarə olunmasına uzunmüddətli perspektivdə nə dərəcədə hazırdır?

– Tullantıların həcminin artması dünyanın, demək olar ki, bütün şəhərlərinin qarşısında duran əsas problemlərdən biridir. Buna görə tullantı idarəetmə sistemi yalnız bugünkü tələbat deyil, gələcək illərin ehtiyacları nəzərə alınmaqla qurulmalıdır. Bakıda tullantıların qəbulu, çeşidlənməsi, yandırılması, zərərsizləşdirilməsi və təkrar emalını əhatə edən çoxşaxəli infrastruktur mövcuddur. Lakin şəhər inkişaf etdikcə və məskunlaşma artdıqca yeni fəaliyyətlərin həyata keçirilməsi də zəruridir.

Uzunmüddətli perspektivdə əsas hədəflərdən biri tullantıların ümumi həcminin azaldılması olmalıdır. Yaranan tullantıların çeşidlənərək mümkün qədər böyük hissəsinin iqtisadi dövriyyəyə qaytarılmasında hər kəs maraqlı olmalıdır. Dünya təcrübəsi də göstərir ki, bərk məişət tullantılarının düzgün idarə edilməsində əhalinin fəal iştirakı mühüm əhəmiyyət daşıyır.

Mustafa KAMAL
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью