Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın çimərlik güləşçiləri Tunar Quliyev və Elgün Kərimli Seneqalın paytaxtında keçirilən Dakar-2026 Yeniyetmələrin Dördüncü Yay Olimpiya Oyunlarının qalibi olublar.
İdman.Biz xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan Tunar Quliyev final görüşündə Gürcüstan idmançısı Luka Maxaradzeyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
A qrupunda yer alan Quliyev qrup mərhələsində Yeni Zelandiya təmsilçisi Vairangi Sarcenti, Anqola idmançısı Diasivi Reanato və Puerto-Rikodan olan Joab Kabril Karilyo Rodrigesi məğlub edib.
Qrup mərhələsini üç qələbə ilə başa vuran idmançımız yarımfinalda Ukrayna təmsilçisi Mikita Kuzmenkonu üstələyərək finala vəsiqə qazanıb. Həlledici görüşdə də qalib gələn Quliyev Olimpiya çempionu olub.
Azərbaycanın daha bir təmsilçisi Elgün Kərimli də 90 kq çəki dərəcəsində qızıl medal qazanıb.
B qrupunda mübarizə aparan güləşçimiz üçüncü görüşündə braziliyalı Allan De Souzanı 3:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Kərimli yarımfinalda Seneqal təmsilçisi Ablaye Diufu 5:0 hesabı ilə üstələyib.
Final qarşılaşmasında isə Azərbaycan idmançısı Gürcüstanı təmsil edən soydaşımız Nurəddin Mustafayevə 3:1 hesabı ilə qalib gələrək Olimpiya çempionu adını qazanıb.
Beləliklə, Azərbaycan çimərlik güləşçiləri Dakar-2026 Yeniyetmələrin Dördüncü Yay Olimpiya Oyunlarında iki qızıl medala sahib olublar.
17:02
Azərbaycanın çimərlik güləşçiləri Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin Dördüncü Yay Olimpiya Oyunlarında uğurlu çıxışlarını davam etdirirlər.
İdman.Biz xəbər verir ki, bu gün milli komandamızın daha iki təmsilçisi mübarizəyə qoşulub və hər ikisi ilk iki qarşılaşmasında qələbə qazanıb.
70 kq çəki dərəcəsində çıxış edən Tunar Quliyev A qrupunda əvvəlcə Yeni Zelandiya təmsilçisi Vairangi Sarcenti, ardınca Anqoladan olan Diasivi Reanatonu məğlub edib.
Azərbaycan güləşçisi qrup mərhələsinin son görüşündə Puerto-Riko təmsilçisi Joab Cabril Karilyo Rodrigeslə qarşılaşacaq.
90 kq çəki dərəcəsində mübarizə aparan Elgün Kərimli isə B qrupunda ilk görüşündə Moldova təmsilçisi Artiom Kakeaya qalib gəlib. O, ikinci qarşılaşmada Mərakeşdən olan Nour Qannamı məğlub edib.
Kərimlinin qrup mərhələsində sonuncu rəqibi Braziliya təmsilçisi Allan Smit di Souza Beserra olacaq.
Qeyd edək ki, hər iki Azərbaycan güləşçisi qrup mərhələsinin son qarşılaşmasında da qələbə qazanacağı təqdirdə yarımfinala vəsiqəni təmin edəcək.