Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Baku Sportinq”lə oyuna çox ciddi hazırlaşmışdıq. Çünki “Mingəçevir”lə görüşdə də qalib gəlmişdik. Növbəti oyuna da qələbə əhval-ruhiyyəsi ilə çıxmışdıq. Komandamızda ruh yüksəkliyi hiss olunur”.
Bu sözləri Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində “Araz-Naxçıvan”la qarşılaşacaq “Şimal” klubunun baş məşqçisi Tural Cəlilov deyib.
Xaçmaz təmsilçisinin çalışdırıcısı komandasının son oyunlardakı uğurlu seriyasını dəyərləndirib və Premyer Liqa təmsilçisi ilə keçiriləcək kubok matçından gözləntilərini bölüşüb.
“Uşaqların həvəsi günü-gündən artır, nəticələr qazanacağımıza inamımız daha da güclənir. Çünki son üç oyunda məğlub olmamışıq və iki qələbə qazanmışıq. Uğurlu seriyanı qoruyub saxlamaq asan deyil. Gənclər bütün gücləri ilə oynadılar, mübarizə apardılar və xarakter göstərdilər. Tapşırıqları tam yerinə yetirdilər. Komandadan çox razıyam, qələbə qazandığımız üçün çox sevincliyik. Hər iki oyunu böyük hesablı qələbə ilə başa vurmuşuq. Bu, bizi çox sevindirir. Qol vurmaq bacarığımızı nümayiş etdirə bilməyimiz də müsbət məqamdır.
“Baku Sportinq”in də çox yaxşı heyəti və təcrübəli oyunçuları var. Bu komanda istənilən rəqibi məğlub edə biləcək gücdədir. Biz qol imkanlarından istifadə edə bildik və buna görə də qələbə qazandıq. Çox sevinirik, komandamızı təbrik edirəm. Növbəti görüşlərə də qələbə qazanmaq üçün çıxacağıq. Uşaqların özlərinə inamı daha da artıb və bu, məni sevindirir. Növbəti oyunlarda da qələbə qazanarıq və ya xal əldə edərik.
Qarşıdakı matçımız kubok çərçivəsində “Araz-Naxçıvan”a qarşı olacaq. Aşkar favorit 'Araz-Naxçıvan'dır, çünki Premyer Liqa təmsilçisidir. Bununla belə, əlimizdən gələni edəcəyik, mübarizə aparacaq və yaxşı oyun nümayiş etdirəcəyik. Hər mövqedə mübarizə aparmaq lazımdır. “Araz-Naxçıvan” elə komandadır ki, istənilən boşluqdan istifadə edə bilər. Ona görə də diqqətli olmalıyıq. Oyuna yaxşı hazırlaşmışıq. Bu qarşılaşmada öz səhvlərimizi daha aydın görəcəyik. Premyer Liqa komandası ilə oyunda öz komandamızın çatışmazlıqlarını və boşluqlarını daha yaxşı müəyyənləşdirə biləcəyik. Bu da bizim üçün faydalı olacaq. Həmin səhvlər və boşluqlar üzərində işləyib onları aradan qaldırmaq növbəti matçlarda qələbə qazanmağımıza kömək edəcək”, - deyə o fanat.az-a açıqlamasında söyləyib.