Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müəllif: Türkoloq alim Elçin İbrahimov 2025-ci il dekabrın 5-də Bakıda Hədəf STARS Campusunda türk dünyasının elm və mədəniyyət həyatında mühüm hadisə baş verir: Turan Balabilgə Akademiyasının təntənəli açılış mərasimi keçirilir.
Bu Akademiya yalnız yeni bir elmi müəssisənin yaranması deyil, eyni zamanda türk xalqlarının əsrlərdir davam edən ortaq maarifçilik arzularının institusional şəkildə reallaşması deməkdir.
Əsası qoyulan qurum həm intellektual inteqrasiya məkanı, həm də ümumtürk düşüncəsinin XXI əsrdə yenilənmiş simvoludur.
Bu təşəbbüs, geniş mənada, Qaspıralı İsmayıl bəyin “Dildə, fikirdə, işdə birlik” idealının müasir reallıqlara uyğun şəkildə həyata keçirilməsinin növbəti mərhələsidir.
İ.Qaspıralı üçün maarifçilik yalnız təhsil deyil, həm də türk dünyasını modernləşdirən, xalqlar arasında elmi və mədəni körpülər quran güclü vasitə idi.
Turan Balabilgə Akademiyasının fəlsəfəsi məhz bu düşüncənin davamıdır: ortaq bilik məkanı yaratmaq, türk xalqlarının elmi potensialını bir araya gətirmək və gələcək nəsilləri vahid ideya ətrafında yetişdirmək.
Turan Balabilgə Akademiyasının açılışı təkcə yeni bir təhsil müəssisəsinin fəaliyyətə başlaması deyil, həm də türk dünyasının elmi, mədəni və intellektual inteqrasiyasına verilən strateji dəstək kimi qiymətləndirilir.