Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
CEV Çempionlar Liqası
Azərbaycan çempionu Tovuzun qadınlardan ibarət "Turan" voleybol klubu Çempionlar Liqası turnirinin qrup mərhələsində çıxışlarına başlayır. Artıq sabah, noyabrın 25-də komanda bu yolda ilk addımını atacaq. Təmsilçimiz qrup mərhələsində oyunlarının hesabını İtaliyanın Skandiççi şəhərində yerli "Savino Del Bene" klubuna qarşı görüşlə açacaq.
Təsnifat yarışlarına 2-ci mərhələdə Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası üzərində iki qələbə ilə başlayan "Turan"ın 3-cü mərhələdə Bolqarıstanın "Maritsa" (Plovdiv) klubu ilə mübarizədə də hər iki görüşdən qalib ayrılması qrup turnirinin qapısını onun üzünə taybatay açmışdır. Bununla da əsrin əvvəlində beynəlxalq meydanda öz ölkələrinin çempionları ilə rəqabətdə Azərbaycanı layiqincə təmsil etmiş Bakının "Rabitə" və "Azərreyl" komandalarından sonra daha bir qadın kollektivimiz, bu dəfə bölgə klubu idman həvəskarlarına böyük voleybol bayramı yaşamaq imkanı yaratmışdır.
Növbəti rəqiblər isə daha güclü və zəngin təcrübəli komandalardır. İdman aləmi Türkiyə, İtaliya və Serbiyanın dünya qadın voleybolunda yaxşı ənənələri ilə fərqlənən ölkələr olduğundan, onların milli komandalarının ən mötəbər yarışlarda – Olimpiya oyunlarında, Dünya və Avropa çempionatlarında uğurlu çıxışlarından xəbərdardır. İndiki turnirdə Azərbaycan klubu püşkün hökmü ilə məhz bu ölkələrin təmsilçiləri ilə qarşılaşacaq.
Baş məşqçi Ziya Rəcəbovun komandası bir-birindən çətin sınaqlar ərəfəsində olsa da, hər halda, güclülərə qarşı keçiriləcək 6 görüşün hər biri ölkəmizdə böyük maraqla gözlənilir. Məşhur rəqiblərlə hər oyunun gələcək üçün müstəsna əhəmiyyəti mühüm amildir.
Avropa Voleybol Konfederasiyasının saytında göstərildiyi və bizim də artıq qeyd etdiyimiz kimi, "D" qrupunda yarışacaq "Turan" qrup mərhələsinin start matçında sabah İtaliyada "Savino Del Bene" komandasının qonağı olacaq. Bu görüşdən sonra voleybolçularımız növbəti iki oyunda Tovuz Olimpiya İdman Kompleksində Türkiyənin "Əczaçıbaşı"(İstanbul) və Serbiyanın "Tent" (Obrenovaç) klublarını qəbul edəcəklər – müvafiq surətdə dekabrın 1-də və 17-də.
İkinci dövrə oyunları isə 2027-ci ilə təyin edilmişdir. "Turan" yanvarın 12-də İstanbulda "Əczaçıbaşı" komandasının qonağı olacaq, yanvarın 27-də italiyalı rəqibini qəbul edəcək, finiş matçında isə Serbiyada "Tent" ilə "münasibətləri aydınlaşdıracaq" (3 fevral). Qarşıda bizi Çempionlar Liqasının qrup mərhələsində iki aydan da çox müddətdə həyəcanlı günlər və oyunlar gözləyir. Ən güclülərlə bir sırada oynamaq hüququnu gərgin mübarizədə alın təri ilə qazanmış "Turan" Tovuza və onun pərəstişkarlarına xoş arzularla.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist