futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Turan Tovuz” UEFA Konfrans Liqasından kənarlaşdırıla bilər. Buna səbəb 2019-cu ildə bir neçə futbolçusunun danışılmış oyunlarda iştirakı göstərilir.
Klub tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.
Mövzunun hüququ tərəflərini öyrənmək üçün idman hüquqşünası Fərid Haqverdiyevlə danışdıq:
“UEFA-nın hər bir yarışının əsasnaməsi var və burda klubların turnirlərdə iştirak etmək üçün riayət etməli olduğu məqamlar qeyd edilib. Burda bir çox məsələlər göstərilib və onlar arasında ikisi var ki, çox mühümdür. Birincisi, klub yazılı şəkildə UEFA-ya bildirməlidir ki, 2015 ci ildən bugünədək milli və ya beynəlxalq səviyyədə hər hansı oyunun nəticəsinin əvvəlcədən razılaşdırılmasına və ya ona təsir göstərilməsinə yönəlmiş hər hansı fəaliyyətdə birbaşa və ya dolayısı ilə iştirak etməyib. Yəni, məsələnin necə yekunlaşmasından asılı olub-olmayaraq qeyd edilməlidir. Digər məqam isə klubların belə neqativ halların iştirakçısı olmaması ilə bağlı öhdəlik götürməsidir.
Bundan başqa yarışın əsasnaməsinə əsasən, bütün faktiki hallar və məlumatlar əsasında UEFA kifayət qədər əminliklə belə qənaətə gələrsə ki, klub 2015-ci ildən etibarən milli və ya beynəlxalq səviyyədə hər hansı oyunun nəticəsinin əvvəlcədən razılaşdırılmasına və ya ona təsir göstərilməsinə yönəlmiş hər hansı fəaliyyətdə birbaşa və ya dolayı yolla iştirak etmişdir, qurum həmin klubu yarışda iştirak etmək hüququndan məhrum edə bilər”.
Haqverdiyev “Turan Tovuz”un ala biləcəyi mümkün cəzalara toxundu:
“Sanksiyalara gəlincə, əsasnaməyə əsasən kənarlaşdırılma (1 mövsümlük) ola bilər, amma İntizam Komitəsi əlavə sanksiya da tətbiq edə bilər. Şərti cəza, pul cəriməsi də mümkündür. Açığı bu məsələ haqda rəsmi bir məlumatım yoxdur. Mətbuatdan oxumuşam mən də. Bildiyim qədərilə, “Turan Tovuz” tərəfindən şikayət məktubu hazırlanıb. Belə məsələlərdə, yekun qərarı CAS verir. Düzdür, adətən beynəlxalq arbitraj məhkəməsi qərarları gec müddətə qəbul edir, amma belə hallarda UEFA-nın da tələbinə görə, proses sürətləndirilir”.
Şahin Cəfərov