Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünən Şamaxıda “Araz-Naxçıvan”la oyunda olmayan penalti “Turan Tovuz”un qapısına verildi. Epizoda nə qədər baxırsan bax, fikrin dəyişmir: qapıçı topa toxunmur, bəli, amma rəqibə qarşı kobudluq da etmir. Hücumçunun da topa real nəzarəti yoxdur. Sadəcə oyun epizodunda iki futbolçu toqquşur. Toqquşma nə vaxtdan avtomatik penalti sayılır?
Ən qəribəsi isə odur ki, VAR müdaxiləsindən sonra Elçin Məsiyev epizoda yenidən baxdı və qərarında qaldı. FIFA statuslu hakimdən belə mübahisəli, bu qədər ucuz penalti... VAR-ın mahiyyəti budur ki, meydandakı ilkin qərarı düzəltmək üçün ikinci şans yaratsın. Amma burada ikinci baxış da vəziyyəti xilas etmədi.
Epizoda baxanda hətta qaydanı pozan tərəfin “Araz-Naxçıvan”ın futbolçusu olduğunu da düşünmək olar, amma əksini qətiyyən. Qapıçı normal şəkildə topa çıxır, dayaq ayağına arxadan təmas gəlir və bundan sonra yıxılma baş verir. Adını nə qoyursunuz qoyun, amma bu epizoda penalti yapışmır.
Problem ondadır ki, bu, “Turan Tovuz”un mövsümdə ilk belə narazılığı deyil. Cəmi beş tur keçib, artıq ikinci dəfə hakim qərarı komandanın nəticəsinə birbaşa təsir edir. “Şamaxı” ilə oyunda təmiz qolun hesaba alınmaması hələ yaddaşlardan silinməyib. İndi də Şamaxıda bu penalti...
Ehtiram Quliyevin səbrinə ayrıca heyranam. Bir tərəfdən komandanın oyunu, digər tərəfdən belə hakim qərarları. Futbola pul qoyan, klub saxlayan, bölgədə azarkeş kütləsini ayaqda tutan iş adamlarının sayı onsuz da barmaqla sayılacaq qədərdir. Sonra da soruşuruq ki, niyə biznesmenlər Azərbaycan futboluna gəlmir. Vallah, bu mənzərəni görən işsiz adam da tərəddüd edər.
“Turan Tovuz” bu liqanın rənglərindən biridir. Stadionu, azarkeşi, bölgədə yaratdığı futbol atmosferi ilə çempionata dəyər qatır. Belə klubun rəhbərliyini, azarkeşini hər tur hakim qərarları ilə sınağa çəkmək heç kimə xeyir gətirməz.
Kiminsə qəsdən “Turan Tovuz”a qarşı işlədiyini sübut etmədən demək doğru olmaz. Amma ardıcıl mübahisəli qərarlar o sualı öz-özünə doğurur: niyə yenə “Turan Tovuz”?
Hakimlər Komitəsi bu epizoda aydın və detallı izah verməlidir. Çünki “səhv oldu, keçdi” deməklə məsələ bağlanmır. Klubun haqqı gedirsə, xal gedirsə, insanların futbola qoyduğu milyonlar və illər gedirsə, cavab da konkret olmalıdır.
Ya da belə davam edək, sonda da oturub düşünərik: görəsən, Azərbaycan futboluna yatırım edən adamlar niyə azalır?
Birinci Liqa: XXVI turun oyunlarının vaxtı açıqlanıb "Qarabağ"ın futbolçusu hakimi təhqir etdi, 4 oyunluq cəza aldı “Barsa” səfərdən 3 xalla dönür Xavi seçimini etdi: "Tottenhem"ə gedəcək Seriya A klubu "Yunayted"in futbolçusu ilə maraqlanır