Turistlər dağlarda Google Maps ə görə yolu azırlar Xilasedicilər xəbərdarlıq edir

23.11.2026

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dağ yürüşlərinə çıxan turistlərin "Google Maps" tətbiqinə həddindən artıq güvənməsi təhlükəli vəziyyətlərə səbəb olur. Xüsusilə 18-24 yaşlı gənclər arasında naviqasiya tətbiqindən istifadə edərək yolu itirənlərin sayının artdığı bildirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Böyük Britaniyanın "Wasdale Mountain Rescue Team" (WMRT) dağ-xilasetmə qrupu son vaxtlar "Google Maps"dən istifadə edən gənc turistlərin dağlıq ərazilərdə azması və təhlükə ilə üzləşməsi hallarının çoxaldığını açıqlayıb.

Xilasedicilərin sözlərinə görə, "Google Maps" dağlıq ərazilərdə təhlükəsiz naviqasiya üçün nəzərdə tutulmayıb. Tətbiq kağız xəritələrdən fərqli olaraq, dik qayalıqları, dağ cığırlarını və relyefin hündürlük fərqlərini hər zaman lazımi dəqiqliklə göstərmir. Bu isə turistlərin marşrutun çətinliyini düzgün qiymətləndirməsinə mane olur.

Dağ turizmi üzrə təlimatçı Pippa Arçer bildirib ki, kağız xəritələrin detallılığı təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, belə xəritələr turistlərə hansı ərazilərin dik olduğunu, harada qayalıqların və keçilməli çayların yerləşdiyini əvvəlcədən müəyyən etməyə imkan verir.

Digər dağ bələdçisi Ceyms Ansti isə problemin yalnız turistlərin hazırlıqsız olması ilə bağlı olmadığını düşünür. Onun fikrincə, insanlar gündəlik həyatda "Google Maps"ə öyrəşdikləri üçün tətbiqin dağlarda da eyni dərəcədə etibarlı olduğunu zənn edirlər. Halbuki mürəkkəb relyef və dəyişən hava şəraiti fərqli naviqasiya bacarıqları tələb edir.

Xilasedicilər "Google Maps"ə alternativ olaraq piyada yürüşlər üçün hazırlanmış "OS Maps", "Hiiker" və "Outdooractive" tətbiqlərindən istifadə etməyi tövsiyə edirlər. Bununla yanaşı, kağız xəritə və kompasın da turistlərin çantasında olması vacib sayılır.

Mütəxəssislər smartfonlara həddindən artıq güvənməyin başqa risklər yaratdığını da vurğulayırlar. Dağlarda mobil rabitənin olmaması, tətbiqin donması və telefonun enerji ehtiyatının tükənməsi turistləri köməksiz vəziyyətdə qoya bilər.

Xəbərdarlıq üçün əsaslardan biri də Skofell-Payk zirvəsindən qayıdarkən "Google Maps"dən istifadə etdiyi üçün yolu itirən üç kişinin xilas edilməsi olub. Onların köməyinə xilasedicilər çatıb. Məlumata görə, tətbiqdəki məlumatlar vaxtında yenilənməyib.

"Google" nümayəndəsi isə bildirib ki, şirkətin tətbiqi əsasən küçələrdə naviqasiya üçün nəzərdə tutulub. Dağ yürüşünə çıxanlara xüsusi olaraq bu məqsədlə hazırlanmış xəritə və proqramlardan istifadə etmək tövsiyə olunur.

Mütəxəssislər yeni başlayanlara əvvəlcə tanış marşrutlarda kağız xəritə ilə istiqamət müəyyənləşdirməyi, kompasdan istifadəni öyrənməyi və mümkün olduqda təcrübəli bələdçi ilə yürüşə çıxmağı məsləhət görürlər.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью