Turistlərin 2026 cı ildə ehtiyat etməli olduqları 10 dələduzluq sxemi

31.01.2026

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər il dələduzlar turistləri aldatmaq üçün daha hiyləgər üsullar düşünürlər.
Lent.az xəbər verir ki, turistlər ənənəvi olaraq dələduzların və xırda cinayətkarların xüsusi diqqət mərkəzində olur. Görməli yerlərə baxmaqla məşğul olan və emosiyalarla dolu olan qonaqlar çox vaxt diqqətlərini itirirlər. Eyni zamanda ildən-ilə hiyləgər dələduzlar turistləri aldatmaq üçün daha mürəkkəb üsullar fikirləşirlər.

2026-cı ildə oyunun qaydaları çox dəyişməyib. Dələduzlar hələ də səyahətçilərin yorğun, diqqətsiz və etibarlı olacağına güvənirlər, lakin üsullar dəyişib. İndi bunlara QR-kodlar, uçuş gecikməsi bildirişləri, hava limanlarında Wi-Fi şəbəkələri, tətbiqlər vasitəsilə sifariş olunan taksilər və hətta USB şarj portları daxildir.

2026-cı ildə turistlər üçün TOP-10 dələduzluq üsulu

Qrup halında cibgirlik
Cibgirlər Barselona və ya Roma kimi məşhur Avropa şəhərlərində hələ də geniş yayılıb. Onlar çox vaxt koordinasiyalı şəkildə işləyirlər: biri içkini üstünüzə tökür, digəri diqqətinizi yayındırır, üçüncüsü isə artıq çantanızda və ya cibinizdə axtarış aparır. Xüsusilə telefonları hədəf alırlar kiçikdir, yüngüldür və yoxa çıxması tez hiss olunmur.

Saxta taksi sürücüləri
Hava limanları və gecə həyatı olan ərazilər taksi fırıldaqları üçün ideal yerlərdir. Dələduzlar turistlərə yaxınlaşıb tanınmış şirkətlərin saxta loqolarını göstərə bilirlər. Sərnişin maşına mindikdən sonra isə uzun marşrut seçilir, əlavə ödənişlər çıxarılır və ya nağd pulla, şişirdilmiş qiymət tələb olunur. Bunun qarşısını almaq üçün yalnız rəsmi tətbiqlərdən istifadə etmək və minməzdən əvvəl avtomobilin nömrəsini yoxlamaq tövsiyə olunur.

Süni intellektlə hazırlanmış fişinq və e-poçt məktubları
Uçuş gecikməsi bildirişləri, “təcili” aviaşirkət mesajları və saxta bron təsdiqləri artıq gerçəklərindən seçilməyəcək qədər real görünür. Süni intellekt loqoları, korporativ üslubu və hətta bron məlumatlarını kopyalamağa imkan verir. Fırıldaqçılıq üzrə ekspert Hüsnayn Bacva (SEON) əsas təhlükə siqnallarını qeyd edir: gözlənilməz “bronunuzu təsdiqləyin” linkləri, bazar qiymətindən xeyli ucuz təkliflər və rəsmi kanallardan kənar ödəniş tələbi. Aviaşirkətin rəsmi tətbiqində 30 saniyəlik yoxlama yüzlərlə dollar və xeyli stressə qənaət edə bilər.

Saxta turlar, biletlər və “eksklüziv təcrübələr”
İnternetdə və real həyatda “növbəsiz giriş”, “şəxsi bələdçi” və ya “ömürdə bir dəfə yaşanacaq macəra” vədləri ilə dolu elanlar çoxdur. Lakin bəzən bilet skan olunmur, bələdçi gəlmir və ya sayt tamamilə yoxa çıxır. Buna görə biletləri və turları yalnız rəsmi saytlar və etibarlı platformalar vasitəsilə almaq məsləhətdir. Instagram şəxsi mesajları ilə “yalnız bu gün” təklifləri çox vaxt dələduzluq olur.

QR-kod dələduzluğu
QR-kodlar indi hər yerdədir: menyularda, muzey biletlərində, yol nişanlarında. Onları saxtalaşdırmaq asandır və istifadəçi birbaşa fişinq saytına yönləndirilə bilər. Təhlükəsizlik eksperti Nik Keyl bildirir ki, QR-kodun orijinal olub-olmadığını yoxlamaq çətindir. Buna görə yalnız personal tərəfindən təqdim olunan və ya rəsmi lövhələrdə yerləşdirilən kodları skan etmək lazımdır.

Valyuta mübadiləsi və “köməkçi yerli sakin” dələduzluğu
Hər şey mehriban təkliflə başlayır: “kömək edim, pulu sayım, məzənnəni izah edim”. Sonda isə bir neçə əskinas itir və ya məzənnə gözləniləndən xeyli aşağı olur. Bu cür hallar xüsusilə əskinasları bir-birinə bənzəyən ölkələrdə yayğındır. Pul mübadiləsini yalnız banklarda və rəsmi məntəqələrdə etmək məsləhətdir.

Qısamüddətli kirayə elanları ilə bağlı dələduzluq
Tətil mövsümündə turistlər saxta mənzil elanlarına tez inanırlar. Dələduzlar real elanların şəkillərini kopyalayır, çox ucuz qiymət qoyur və platformadan kənar ödəniş tələb edir. Turizm eksperti Kristian Petzold bildirir ki, bu elanlar ünvana çatana qədər çox inandırıcı görünür. Parlaq şəkillər və “təcili qərar” tələbi hamısı tələnin bir hissəsidir.

Ödənişli yollarla bağlı saxta SMS mesajları
Xaricdə avtomobil icarəyə götürən turistlər tez-tez “smişinq” qurbanı olur. Onlara guya ödənilməmiş yol haqqı barədə SMS gəlir və kiçik məbləği dərhal ödəmək tələb olunur. Bu üsul işləyir, çünki kirayə avtomobillərdə belə gecikmələr doğrudan da mümkündür və heç kim xaricdə cərimə almaq istəmir.

Uçuşun ləğvi və yenidən bron üçün saxta kompensasiyalar
Dələduzlar aviaşirkət adından SMS, e-poçt, sosial şəbəkə mesajı və ya zəng göndərə bilərlər. Halbuki aviaşirkətlər heç vaxt açılan pəncərələr və ya şəxsi mesajlar vasitəsilə ödəniş tələb etmirlər. Şübhə olduqda yalnız rəsmi tətbiqə, sayta və ya qeydiyyat masasındakı əməkdaşa müraciət etmək lazımdır.

İctimai şarj qurğuları və Wi-Fi dələduzluğu
Hava limanlarında olan ictimai USB şarj portlarına zərərli proqram və ya məlumat oğurlayan avadanlıq yerləşdirilə bilər. Telefon bir neçə saniyəyə sındırıla bilər və istifadəçi bunu hiss etməz. Kibertəhlükəsizlik üzrə ekspert Denni Cenkins (ThreatLocker şirkətinin direktoru) bunun real təhlükə olduğunu təsdiqləyir. Buna görə divar rozetkalarından və ya portativ enerji yığıcılarından istifadə etmək daha təhlükəsizdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью