Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Belə ki, turizm bazarında rəqabətqabiliyyətli turizm məhsullarının təqdim edilməsi, turizm sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, regionlarda turizmin inkişafının təşviq edilməsi, effektiv brendinq və marketinq fəaliyyətinin təşkili məqsədilə “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Bəs dövlət proqramının təsdiq edilməsindən sonra yaxın zamanda quru sərhədlər açıla bilərmi?
Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan Prezidenti tərəfindən imzalanmış Dövlət Proqramı turizmin inkişafı üçün həm müəyyən hədəflərin müəyyənləşdirilməsinə, həm də turizmdən əldə olunan gəlirlərin artmasına xüsusi imkan yaradacaq.
“Bir tərəfdən proqram dəqiq və ölçülə bilən hədəflərə malikdir. Bu da, təbii ki, ölkəyə gələn turistlərin sayının və ölkəyə daxil olan valyutanın həcminin artmasına imkan yaradacaq.
Bu baxımdan, dövlət proqramı sistemli şəkildə Azərbaycanda turizmin dəstəklənməsini hədəfləyir.
Bu, gəlmə turizmin inkişaf etməsinə və xüsusən də bu gün kifayət qədər aktual olan vizasız rejimin genişləndirilməsinə, aviabilet qiymətlərinin optimallaşdırılmasına, eləcə də digər istiqamətlərdə dövlət dəstəyinin gücləndirilməsinə gətirib çıxaracaq. Çünki dövlət dəstəyinin gücləndirilməsi həm subsidiyalaşdırma mexanizmi, həm də digər güzəştlərin tətbiqi fonunda reallaşacaq.
Quru sərhədlərin açılması Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən qərargahın apardığı qiymətləndirmələrə əsasən müəyyənləşir və bu istiqamətdə qərarlar birbaşa Nazirlər Kabineti tərəfindən qəbul edilir.
Nazirlər Kabinetinin qiymətləndirməsi və bölgədəki geosiyasi vəziyyət nəzərə alınmaqla, quru sərhədlərin açılması məqsədəuyğun hesab edilə bilər”.
Deputat qeyd edir ki, xüsusən Gürcüstan və Türkiyə ilə quru sərhədlərin mərhələli şəkildə açılması, bir tərəfdən, praktiki olaraq bu prosesə start verilməsinə, digər tərəfdən isə gəlmə və getmə turizminin dəstəklənməsinə imkan yarada bilər.
Aişə
“Cebheinfo.az”
Açar sözlər: turizm Vüqar Bayramov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin