Turizmin inkişafına tıxac əngəli Bakının qonaqları ən çox nədən narazıdırlar?

24.11.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycana gələn 98 408 xarici turist ölkədə onlara göstərilən xidmətləri qənaətbəxş hesab etməyib. Narazılıqlar arasında nəqliyyat, ictimai iaşə, yerləşmə və bələdçi xidmətləri əsas yer tutub.
Xidmətlərdən məmnunluq üzrə statistik bölgüdə 1 milyon 74,2 min xarici ziyarətçi əhatə olunub. Onların 975 838 nəfəri bütün xidmətləri qənaətbəxş, 98 408 nəfəri isə qeyri-qənaətbəxş hesab edib. Beləliklə, həmin statistik bölgüyə daxil olanların 9,2%-i xidmətlərdən narazı qalıb.
Əsas narazılıq digər xidmətlər kateqoriyasında qeydə alınıb – 19 381 nəfər. Konkret xidmət növləri arasında isə taksi xidməti 16 447 nəfərlə birinci yerdədir.
Avtobusla sərnişindaşıma xidmətindən 16 318, ictimai iaşə xidmətlərindən isə 15 960 nəfər narazı qalıb.
 

Yerləşmə xidmətlərini qənaətbəxş hesab etməyənlərin sayı 11 051 nəfər, bələdçi xidmətlərindən narazı qalanların sayı isə 10 132 nəfər olub.


Metro ilə sərnişindaşıma xidmətlərini 6 889 nəfər, turagent və turoperatorların xidmətlərini isə 2 230 nəfər qeyri-qənaətbəxş qiymətləndirib.
Nəqliyyatdan bu qədər narazılıq nə ilə bağlıdır?
Mövzu ilə bağlı Bizim.Media ilə danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, narazılıq sərnişinlərin rahat və təhlükəsiz daşınmasından deyil:
“Narazılıq çox güman ki, gecikmələr və tıxaclarla bağlıdır. Məlumdur ki, son illərdə ictimai nəqliyyatda xeyli islahatlar həyata keçirilib. Köhnə taksilər tamamilə, köhnə avtobuslarsa əsasən dövriyyədən çıxarılıb. Eyni zamanda taksi və avtobus sürücüləri üçün də müəyyən şərtlər irəli sürülüb. Xarici dil bilən, etik davranış kodeksinə bələd olan sürücülər daha çox işə götürülür. Sürücülərlə davamlı təlimlər keçirilir. Ona görə də turistlərin keyfiyyət və təhlükəsiz baxımından şikayətçi olması inandırıcı gəlmir.
Lakin tıxaclar günümüzün reallığıdır. Bu səbəbdən də həm avtobuslar, həm də taksilər həm çağırış yerinə, həm də mənzil başına vaxtında çatmır. Bu da təkcə turistlərlə bağlı problem deyil. Bu problemdən yerli sakinlər də ciddi əziyyət çəkir. Öz vətəndaçlarımız da şəhərətrafında dayanacaqlarda saatlarla qalmalı olurlar. Mənzil başına çatmaq da uzun zaman tələb edir”.
Tıxac problemi həllini tapmalıdır.
 

Müsahibimiz qeyd edir ki, bütün narazılıqların aradan qaldırılması üçün ilk növbədə tıxacları yox etməliyik:


“Bunun üçün də müəyyən addımlar atılmalıdır. Uyğun olmayan vaxta yollar bağlanmamalıdır. Paytaxtın mərkəzi ərazilərində tədbirlərin sayı azaldılmalıdır. Tədbirlər əsasən şəhər ətrafında və digər şəhərlərdə təşkil edilməlidir. Bütün vasitələrdən istifadə edib şəhərin nəqliyyat yükünü azaltmaq lazımdır”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью