Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda macəra və halal turizm xidmətlərinə aid 4 yeni dövlət standartının layihəsi hazırlanıb.
Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutuna istinadən xəbər verir.
Bildirilib ki, sənədlər Texniki Komitənin 2026-cı il üzrə fəaliyyət planına uyğun olaraq hazırlanıb və səs çoxluğu ilə təsdiqlənib.
Yeni standart layihələri halal turizm xidmətlərinin təşkili, xidmət keyfiyyəti və müvafiq tələblərin müəyyənləşdirilməsi istiqamətində normativ bazanın gücləndirilməsinə xidmət edir.
Azərbaycanda halal turizm xidmətlərinə dair yeni standartların tətbiqi nəyi dəyişəcək?
"Baku Travel and Tourism" şirkətinin icraçı direktoru, turizm eksperti Əziz Şiriyev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, halal turizm çox önəmli məsələdir:
“Halal turizm standartlarının tətbiqi ölkəmiz üçün çox vacibdir. Bu gün Azərbaycana kifayət qədər müsəlman ölkələrindən turistlər gəlməkdədir. Buna misal olaraq Malayziya, Filippin, Pakistan, Türkiyə və digər müsəlman ölkələrini göstərmək olar.
Son statistikalar göstərir ki, gələn turistlərin sayı getdikcə artır. Yaxın vaxtlarda isə Vyetnam və Taylanddan gələn turistlərin sayı da arta bilər. Halal standartlarının olması həmin turistlərin ölkəmizi seçməsinə daha çox təsir göstərəcək.
Hazırkı vəziyyətdə halal standartlar tətbiq olunmamışdan qabaq Bakıda və ölkəmizin digər şəhərlərində bir neçə istiqamətdə halal fəaliyyət göstərən otellər var idi ki, onlar ancaq ailələr üçün fəaliyyət göstərirdi”.
Onun sözlərinə görə, hal-hazırda isə bu standartların xeyli inkişaf etməsi, yenilənməsi və daha da standartlara uyğun gəlməsi gələn turistlərin sayının artmasına yaxşı təsir göstərəcək:
“Çünki adi qidalanmada restoranlarda turistlər halal qidalar tələb edirlər, hətta dənizkənarı otellərdə qadın və kişilərin ayrı istifadə etməsini istəyirlər. Otellər isə ancaq ailələrin halal standartlara uyğun şərtlərlə qalmasına imkan verir.
Bu şərtləri ödəyən məkanlar isə həmin istiqamətdən gələn turistlərin onları seçməsinə səbəb olacaq”.
Ekspert qeyd edib ki, yaxın zamanda bunun şahidi olacağıq:
“Məsələn, Malayziyadan gələn qruplar və digər müsəlman ölkələrindən gələn turistlər Azərbaycandan Gürcüstana gedərkən, Azərbaycanda halal restoranlar baxımından heç bir problem yaşamır.
Lakin Gürcüstan istiqamətinə keçəndə, xristian ölkəsi olduğu üçün bəzi restoranlarda halal olmayan qidalarla rastlaşırlar. Bu isə problem yaradır. Ona görə də restoranlarda öncədən menyular təqdim olunur ki, müştərilər yalnız halal qidalar yesin və halal standartlarına uyğun məkanlarda qalsın, həmçinin halal standartlı xidmətlərdən istifadə etsinlər”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: turizm Əziz Şiriyev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin